Postmüharibə dövründə sosial dəstək paketi 130 min şəxsi əhatə edib - FOTOLAR

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirlik tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6800-dək mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib. Həmçinin şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 68,7 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2249 şəxs 61,7 min reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 600 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Bundan əlavə, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 25 minədək şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 366 min xidmət göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə