“Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan xalqı əsrlər boyu fərqli dinlərə və millətlərə məxsus insanların yanaşı yaşadığı bir mühitdə formalaşıb. Ölkədə müsəlmanlar, xristianlar, yəhudilər və digər icmalar birgə dinc yaşayış ənənəsini qoruyub saxlayıblar”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist Mətanət Məmmədova deyib.

O bildirib ki, Azərbaycanın Konstitusiyası hər kəsin vicdan azadlığını və dini inanclarını azad şəkildə ifadə etməsini təmin edir: “Ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bütün bunları özündə ehtiva edir.

Tolerantlıq siyasəti ölkə daxilində milli azlıqların hüquqlarını qorunmasına, onların mədəni irsinin inkişafına, müxtəlif millətlərin bir-birinə qarşı hörmətinin artmasına və cəmiyyətdə birlik nümayiş etdirməsinə şərait yaradır. Bu birliyi 2020-ci ildə 44 günlük Vətən müharibəsində də gördük. Belə ki, ölkəmizdə yaşayan milli azlıqların hər biri azərbaycanlılarla birlikdə erməni işğalına qarşı Azərbaycan torpaqlarını müdafiə etməyə qalxdı. Onlardan şəhid, qazi olanı da oldu. Bu birlik, həmrəylik ölkədə onlara qarşı münasibətin göstəricisi idi.

Azərbaycan tək ölkə daxilində deyil, müxtəlif beynəlxalq platformalarda da tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir. Məsələn, Bakıda təşkil olunan Dünya Dini Liderlərinin Sammiti və Mədəniyyətlərarası Dialoq Forumu qlobal səviyyədə böyük əhəmiyyətə malik oldu. Tolerantlıq və multikulturalizm sahəsində nümunəvi yanaşması ilə Azərbaycan beynəlxalq təşkilatların və dövlətlərin etimadını qazanıb.

Ölkəmizin tolerantlıq modeli müxtəlif millətlərin birgə çalışmasını və mədəni mübadiləni stimullaşdırır. Bu, həm daxili, həm beynəlxalq iqtisadi və mədəni əlaqələrin inkişafına, eyni zamanda qlobal səviyyədə sülh və dialoqun təşviqinə də mühüm töhfə verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə