Avtomobilini azyaşlılara həvalə edən şəxslərə XƏBƏRDARLIQ

Ötən gün paytaxtın Suraxanı rayonunda və Sumqayıt şəhəri ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfər həyatını itirib, ana və onun azyaşlı qızı olmaqla 2 nəfər isə xəsarət alıb. SİA xəbər verir ki, bu barədə DYP-nin avtomobilini azyaşlılara həvalə edən şəxslərə müraciətində deyilib.

"Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, sürücülük hüququ olmadan avtomobil idarə etmək həvəsinin onların özlərinin və doğmalarının arzularını yarıda qoyacağını unudurlar, - müraciətdə qeyd edilib.

Vurğulanıb ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, habelə nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, belə halların aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini bildirir və bu sahədə intizamsızlığa meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tədbirlərin görüləcəyini avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə