Qarabağda yaşıl intellekt marafonu yekunlaşıb - FOTOLAR

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Qayıdış Könüllüləri və Qarabağdan olan digər gənclərin iştirakı ilə təşkil olunan "Yaşıl İntellekt Marafonu - Kod adı: COP29" adlı layihə uğurla başa çatıb. SİA xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Layihənin əsas məqsədi gənclərin intellektual biliklərini, dünyagörüşünü artırmaq, onlar arasında şəbəkələşməni gücləndirmək və Qarabağımızın dirçəldilməsinə dəstək vermələrini təmin etmək olub.

Layihə çərçivəsində “Xəmsə” formatında baş tutan yarışda ümumilikdə Qarabağ bölgəsindən olan 40 nəfər gəncin iştirakı ilə 8 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Maraqlı və gərgin mübarizənin sonunda "Qarabağ" komandası birinci yeri qazanıb. “Murov” və “Qarabulaq” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Layihənin təşkilatçıları, bu cür intellektual yarışların doğma Qarabağımızda mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Gələcəkdə də bu tip layihələrin davamlı şəkildə həyata keçirilməsi, gənclərin intellektual inkişafını dəstəkləmək və intellektual potensiallı kadrların artırılmasına kömək etmək məqsədini daşıyır.

Bu tədbir, gənclərin sosial aktivliyini artırmaqla yanaşı, onların şəxsi inkişaflarında intellektual oyunların əhəmiyyətini də artırır. Qarabağ gəncləri layihənin verdiyi imkanlardan yararlanaraq, gələcəkdə daha böyük layihələrdə iştirak etməyə hazır olduqlarını nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə