“Maarifləndirmə işlərinin aparılmasına baxmayaraq…” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, bəzi insanlar öz həyatlarına biganə yanaşırlar. Onlar havanın küləkli olmasını, dənizdə dalğanın hündürlüyünün bir neçə metr yüksəyə qalxmasını nəzərə almırlar. Çimərliyə gedərkən ilk növbədə hava şəraiti nəzərə alınmalıdır. Havanın aydın və əlverişli vaxtında çimərliyə getmək doğrudur. Əlverişsiz hava şəraitində, yəni küləyin sürəti saniyədə 10-12 metr, dalğaların hündürlüyü isə 1- 1.5 metr olarsa, çimərliyə getmək olmaz. Dünya üzrə sularda boğulma hallarının statistikasına baxsaq görərik ki, 70 faiz məhz əlverişsiz hava şəraitində baş verib”. Bu sözləri SİA-ya danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.
Ekspert boğulma hallarına səbəb olaraq ikinci nüans kimi çimərliyin doğru seçilməməsini göstərib: “Yalnız fəaliyyətinə icazə verilən çimərliyə getmək lazımdır. Digər çimərlik sahələrində çimmək olduqca təhlükəlidir. Dünya üzrə sularda boğulma hallarının statistikasında 95 faiz boğulma halları qeyri-çimərlik ərazilərdə baş verir. Həm də bu ərazilərdə xilasedicilər fəaliyyət göstərmir. Hər il ölkəmizdə yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxslər FHN-nin xilasediciləri tərəfindən xilas edilir. FHN-nin statistikasına baxsaq, bir nəfər də xilasedicilərin olduğu çimərlikdə boğulmayıb. Bu, bir daha xilasedicilərin olduğu çimərliyin daha təhlükəsiz olduğunu təsdiq edir”.
E.Nurəliyev əlavə edib ki, fəaliyyətinə icazə verilən çimərliklərdə suyun dibinin akvatoriyası, suyun fiziki, kimyəvi, bioloji xassələri, sanitar normaları yoxlanılır, ondan sonra icazə verilir: “Bu, bir daha belə çimərliklərin daha təhlükəsiz olduğunu deməyə əsas verir. Ancaq qeyri-çimərliklərdə suyun dibində yarğanlar, axınlar, daş-qaya parçaları və s. təhlükələrin olması ehtimalı var. Hər il dünyada 400 minə yaxın insan sularda boğularaq həyatını itirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə