“Siqaretçəkmə qarşısı alına bilən bir vərdişdir” - İZAH EDİLDİ

“Siqaretçəkmə qarşısı alına bilən bir vərdişdir” - İZAH EDİLDİ

“Siqaretçəkmə qarşısı alına bilən bir vərdişdir. Siqaretin tərkibindəki nikotin adlı maddə psixoloji asılılıq yaratdığı üçün bu prossesdən imtinada iradə faktorunun rolu çox böyükdür. Bir çox siqaret çəkən şəxs dəfələrlə təkbaşına bu vərdişdən qurtulmağa çalışsa da müəyyən müddətdən sonra təkrar istifadəyə başlayır”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Sevinc Xanlarzadə deyib.

O bildirib ki, tərgitdikdən sonra bu hallar baş verə bilər: "Tütünçəkməyə güclü meyl, ehtiyac hissi, əsəbilik, aqressivlik, təşviş, narahatlıq, yorğunluq, iştahın artması, konsentrasiya ilə bağlı problemlər, depressiya, baş ağrıları, gecə oyanmaları və s. Bütün bu təzahürlər müvəqqətidir, ilk 24-72 saat maksimal həddə çatır və növbəti 3-4 həftə ərzində zəifləyir. Güclü iradə və motivasiya bütün bu vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir.

Tütünçəkmədən imtina etmək istəyənlər mütəxəssis dəstəyinə ehtiyac duyurlarsa, bu, iki yolla mümkündür: psixoloji dəstək və farmokoterapiya (dərman müalicəsi).

Psixoloji dəstək zamanı pasiyentin tütünçəkmə səbəbi, ondan nə üçün imtina edə bilməməsi, yanaşı xəstəlikləri öyrənilir və bu xəstəliklərin yaranmasında siqaretin rolu izah edilir, həyatındakı stress mənbələrini qaydaya salmaq üçün məsləhətlər verilir və fərdi olaraq mərhələli şəkildə siqareti atmaq üçün plan hazırlanır. Bu zaman şəxsə ailə üzvlərinin və yaxın çevrəsinin dəstəyi çox önəmlidir. Tütünçəkməni tərgitmək üçün dərman vasitələrinin istifadəsində əks-göstərişlər çox olduğu üçün mütləq ixtisaslı həkimə müraciət olunmalıdır. Bu zaman müalicə kursu xəstənin sağlamlıq vəziyyəti tam araşdırılaraq təyin edilə bilər.

Tütünçəkmədən imtina etmək istəyən şəxslər Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanaraq istifadəyə verilən “Tütündən imtina et” mobil tətbiqindən faydalana bilərlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə