Valideynlər övladlarını müstəqil həyata necə hazırlamalıdır? - PSİXOLOQ FİKRİ

“Bəzən valideynlər düşünür ki, uşağın hər istədiyini etməsək bu onun psixologiyasına pis təsir edər, hətta travma yarada bilər. Ancaq, bu doğru yanaşma üsulu deyil. “Mən istəmişəm olmayıb, amma uşağım bunu yaşamasın” kimi düşüncədə olan və övladlarının hər istədiyini etməyə çalışan valideynlər də var. Belə valideynlər qeyd etdiyim kimi, davamlı öz uşaqlığındakı problemləri xatırlayır və uşağının onları yaşamaması üçün hər istədiyini edir və “yox” kəliməsini deyə bilmir. Belə ki, valideynlər özləri də fərqində olmadan övladlarının hər istədiyini edərək narsist, kaprizli uşaqlar yetişdirə bilirlər”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, sonrakı mərhələlərdə belə uşaqların cəmiyyətə adaptasiyası, insanlarla münasibəti və s. kimi məsələlərdə problemlər üzə çıxır. Belə uşaqlar “yox” kəliməsini bilmədikləri üçün gələcək həyat dönəmlərində insanlarla münasibətində və ya məsələn iş yerində hər hansı problemlə qarşılaşdıqda və həmin proses onların istədikləri kimi olmadıqda onlarda insanlara, cəmiyyətə qarşı aqressiya yaranmağa başlayacaqdır.

Valideynlərin digər çətinlik çəkdiyi mövzulardan biri də, uşaqların ata-anaya hədsiz bağlılığıdır. Son vaxtlar “Uşağın anadan həddindən artıq asılı olması, anası ilə məsləhətləşmədən heç bir addım atmaması, həyatını davam etdirməkdə çətinlik çəkməsi kimi problemlər bu gün nə qədər aktualdır?” kimi çox suallar alırıq. Xüsusən analar uşaqla çox vaxt keçirdiyi üçün bu hala ana-uşaq münasibətində daha çox təsadüf edilir. Bu ana-uşaq simbiozu adlanır. Belə olduqda ana evdən çıxa bilmir, çıxsa da uşaq narahat olduğu üçün məcbur qalıb onu da özüylə aparır. Bu hallar nəinki balaca uşaqlarda, hətta evdə sərbəst qala biləcək 8-9 yaşlı uşaqlarda da təsadüf olunur. Uşaq aqressiv davranır, ağlayır, valideyn getməsin deyə israrçı davranış sərgiləyir. Zaman keçdikcə bu özünü uşaqda daxili gərginlik, yuxu pozulmaları şəklində göstərə bilir. Bu dönəmdə uşaqda sanki özgüvən formalaşmır və o davamlı yanında kiminsə olmasına ehtiyac duyur, dəstək gözləyir.

Ancaq unutmamalıyıq ki, övladına nümunə elə valideynlərin özləridir. Digər bir qayda ondan ibarətdir ki, valideynlər övladlarını hər hansı hərəkətinin və ya verilən tapşırığın yerinə yetirilməsindən asılı olaraq mükafat verməkdən, şərt qoymaqdan çəkinməlidirlər. Məsələn: “dərslərini gec edən və ya tənbəllik edən, etmək istəməyən uşağa valideynlər bildirir ki, dərslərini vaxtında et bitir sənə sevdiyin şirniyyatı alacam” və s. bunlar doğru yanaşma üsulu deyil. Zamanla artıq övlad özü də valideynlərə şərtlər qoymağa başlayacaqdır.

Həmçinin qeyd etmək lazımdır ki, ətrafımızda bəzi insanlar olur ki, bir məsələdə deyil, həyatlarında baş verən bir çox şeylərdə qərarsız, tez-tez fikir dəyişən olurlar. Ona görə də kiçik yaşlardan valideynlər uşaqlara qərar qəbul etmək vərdişini aşılamalıdır. Xüsusən avtoritar və mükəmməliyyətçi ailədə böyüyən uşaqlarda bu hallara çox təsadüf edilir. Çünki qərarları onların yerinə valideynləri düşünür və öz istəklərinə görə onları yönləndirir. Başqa sözlə ifadə etsək övladlarına seçim haqqı vermirlər. Artıq övladı böyüyüb müəyyən yaşa çatdıqda isə valideyn onun məsuliyyətsiz olmasından, düzgün qərar qəbul edə bilməməsindən şikayətlənir. Ancaq, valideynlər bilməlidirlər ki, bunun təməlini onlar qoyub. Qeyd etdiyim kimi burada əsas məsələlərdən biri valideynin övladına seçim haqqı verməsidir.”

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə