Naxçıvanda taksi sürücüləri üçün təlimlərə başlanılıb - FOTO

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi muxtar respublikada avtomobil nəqliyyatı sahəsində sərnişindaşıma və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir. SİA-nın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, muxtar respublikada ilk dəfə olaraq taksi minik avtomobil sürücüləri üçün etik davranış qaydalarına aid xüsusi təlimlərə başlanılıb. Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə təlimlər hər qrupda 25 nəfər olmaqla Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil edilir.

Tədris zamanı iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları haqqında ətraflı məlumatlar verilir, habelə yol hərəkəti qaydalarını özündə əks etdirən praktiki məşğələlər keçirilir.

Tədris müddəti gündəlik 2 növbəli olmaqla, 5 gün davam edəcək. İmtahandan müvəffəqiyyətlə keçən sürücülər müvafiq şəhadətnamələrlə təmin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə