Uşaqlarımızın hüquqlarını necə qoruyuruq? - SORĞU

Uşaqların Beynəlxalq Müdafiəsi Günü — 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur. SİA olaraq şəhər sakinlərinə, valideynlərə "övladlarınızın istirahətini necə təşkil edirsiniz?", "onların hüquqlarını necə qoruyursunuz?" və s. suallarla müraciət etdik.

Balaca Həzrətəli Qacarov: "Mən ikinci sinifdə oxuyuram. Dərslərim çox olur, hazırlıq da edirəm. İstirahətə də vaxt ayırıram. Normal oyunlar oynayıram. Daha çox oyuncaqlarımla oynayıram. Dərslər məni yorur. Hüquqlarımı bilmirəm. Amma məktəbdə kimsə məni incidəndə onunla danışıram. Danışaraq həll edirəm".

Şəhər sakini Mətanət Əbilova: "Mən uşağın dayəsiyəm. Uşaqları yalansız, qorxusuz, düzgün böyütmək lazımdır. Əsas düzlükdür. Uşağa demişəm ki, heç nədən qorxma. Yalan danışanda daha da problem yaranır. Amma düz danışanda əsəbləşmirsən. Əsas yalansız, qorxusuz yaşamaqdır. Uşaqlara hüquqlarını da müdafiə etməyi öyrətmək lazımdır. Özləri sözlərini deməyi bacarmalıdırlar. İndi uşaqların dərs yükü çoxdur. Proqram pisdir. Uşaqlara çox lazımsız informasiya yükləyirlər. Uşaq uşaqlığını keçirməlidir. İndiki proqramda uşaq ancaq oxumalıdır. Uşaqlarda məktəbə həvəs yoxdur. Əvvəl hamı çox yaxşı da oxuyurdu, təmkinli idi, universitetə də daxil olurdu. İndi uşaqlar robot kimidirlər. Məktəb, məşğələ, sonra da telefonla məşğul olmaqdan beyin yüklənir, ona görə də uşaqlar yata bilmirlər. Uşaqlara binaların həyətlərində oynamaq üçün yer yoxdur. Ancaq maşın saxlayıblar. Təkcə təhsilə yox, hər şeyə fikir vermək lazımdır".

Şəhər sakini Sevda Quliyeva: "Uşağın nənəsiyəm. Nəvəmi "Mantasori" kursuna qoymuşam. Uşaqları 1 yaş yarımdan ora aparırlar, kiçik və böyük qruplar şəklində uşaqlar yığılır. Onlar orada sərbəst olmağı, hər şeyi özləri etməyi öyrənirlər. Hər şeydən əvvəl əl hərəkətlərini inkişaf etdirirlər. Kurs yorucu deyil, özləri yeməklərini bişirir, yığışdırırlar. Bu kursda uşaqlara hər şeyi, tədris edirlər".

Şəhər sakini Bəyim Cəmilova: "Nəvəm Banu 5 yaşlıdır, hazırlıq kursuna gedir. Qalan boş vaxtlarında da çalışırıq ki, məhsuldar keçirsin. Şahmata həvəsi var və onu şahmat məktəbinə yazdırmışıq. Bir müddət gimnastikaya getdi. Qalan boş vaxtlarda da açıq havada gəzdiririk. Hamımız çalışırıq ki, məktəbə kimi məhsuldar vaxt keçirsin. Onsuz da, gələcəkdə dərsləri artdıqca yüklənəcək".

Şəhər sakini Günel Xankişiyeva: "Uşaqların istirahətinə də vaxt ayırmalıyıq. Uşaqlarım da hələ ki, hazırlığa gedirlər. İndiki dövrdə də hazırlıq, məktəb mümkün deyil, heç həyətdəki uşaqlara da əmanət edə bilmərəm. Maksimum həftədə bir dəfə çıxarmaq mümkündür. Onların da gəzməyə haqqı var. Bacardığımız qədər edirik. Məcbur uşağı məşğələyə qoyuruq. Nəzarət edən müəllimlər çox azdır. Hər şey maddiyyatdır. Bilmirik ki, təhsilə pul xərcləyək, bilmirik, uşağa xərcləyək. Ondansa, daha prestijli məktəblərdə oxudaram".

Şəhər sakini Zülfiyyə Kağızmanlıoğlu: "Təhsil sistemindən çox şikayətim var. İyunun 1-i də daxil olmaqla uşaqların haqqını müdafiə etmək lazımdır. Uşaqları çox yükləyirlər. Onların uşaqlığını əllərindən alırlar. Bu, çox acıdır. Uşaqlar çox kədərlidirlər. Uşaqlar özlərini aşkar ediblərsə, o işdə tapıblarsa, o yolu onsuz da gedəcəklər. Heç kim onları yollarından döndərə bilməyəcək. Ona görə də onları yükləməyə ehtiyac yoxdur. Özüm Türkiyədə təhsil alıram. Çin təhsil sistemi o qədər xoşuma gəlir. Çində ibtidai təhsil alana qədər öz üzərlərində işləyirlər. Gündəlik işlərini görürlər. Bu dörd sinif həyata hazırlıqdır. Geridə qalmışıq deyə bilmərik. Amma çox kədərlənirəm. Uşaqlara bir az rahatlıq versinlər. Əgər uşaq haqsızlıqla qarşılaşırsa, nəticə nə olacaq?".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə