"Hər bir uşaq müəyyən yaş dönəmində əks cins tərəfindən sevib-sevilmək istəyir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
Psixoloq bildirib ki, bu sevgi münasibətlərinin də ailələrdə təməli qoyulur: "Ailədə atanın anaya, ananın ataya olan münasibəti, o evdə böyüyən fərdin psixologiyasına birbaşa təsir edir. Bununla da qadın və kişinin münasibətlərindən qidalanaraq fərd artıq kiçik məktəbli dönəmində, hətta bağça yaşı dönəmində belə əks cinsə öz sevgisini etiraf edir. Bu ülvi hisslər əvvəl kiçik toxunuşlarla, bir-birinin üzündən öpməklə, saçlarını tumarlamaqla, bir-birlərini xəfif qucaqlamaqla cərəyan edir. Əslində bu hisslərə çox hörmətlə yanaşmaq lazımdır. İnsanın daxilində sevgi hissini öldürmək, bunu kiçiltmək, məsxərə obyektinə çevirib ondakı bu duyğuları utanc halına gətirmək doğru deyil. Hər bir valideyn buna hörmətlə yanaşmalıdır.
Sevgi hissi insanın ali hisslərindən biridir. Sadəcə bunu düzgün, fərdə öz inkişaf dinamikasına görə düzgün izah edəndə, ona bu haqda ətraflı məlumat verəndə fərd özünü anlayır. Necə davranmalı olduğunun fərqinə varır. Hər həssas məqamda qarşı cinsə hörmətlə yanaşır, hətta öz sevgisinə də hörmət edir. Amma bu haqda qəti qadağalar qoyub "ayıbdır, ayıb olsun, utanmırsan, belə şey etmək olmaz, sən hələ uşaqsan, bizə yaraşmaz, böyük-böyük danışma, bu nə hərəkətlərdir" kimi ifadələr işlədərək uşaqda utanc hissini formalaşdırmaq doğru deyil. İnsanlar öz ülvi hisslərini daxilə basdırır və sevməyin nə qədər əxlaqsız hiss olduğunun sanki fərqinə varırlar. Çünki valideyndən eşitdikləri hər söz onlar üçün çox böyük müdrik kəlmədir. Ona görə uşaqlar bu kəlmələrlə yoğrulurlar. Diqqətlə uşaqlara nəzarət edərək onların bu ülvi hisslərinə əvvəl onları dinləmək, suallar vermək, hörmətlə yanaşaraq onlara əsas yaş dönəmlərinə uyğun fəaliyyətlə məşğul olmağı və sevgi söhbətlərində mütəmadi onları narahat edən problemləri gəlib valideynlə bölüşmək təklif olunmalıdır. Çünki hər fərd şəxsiyyət olaraq inkişaf edir. Onun üçün sağlam psixoloji atmosfer lazımdır. Qadağalar doğru deyil. Həyata bələdləşmə dönəmində hər bir fərd özündən biixtiyar qarşı tərəfi sevmək, qarşı tərəfə sevgi göstərmək, qarşıdan sevgi almaq da istəyir. Bu kimi məqamları doğru dəyərləndirmək valideynin birinci dərəcəli vəzifəsidir. Hər bir uşaq da bu aspektdən sevgi ilə yaşamalı, sevgi ötürməlidir. Heyvanlara qarşı da sevgini inkişaf etdirmək lazımdır. Bu da valideynin həyat baxışının nə qədər sağlam olmasından asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə