FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatının bir qrup əməkdaşı və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) mütəxəssislərindən ibarət nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdə olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər 2022-ci ilin dekabrında Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilib.

Səfərin məqsədi tikintidə təhlükəsizliyə nəzarət, təbii fəlakətlər nəticəsində tikililərə və infrastruktura dəymiş zərərin qiymətləndirilməsi, Elektron Beton İzləmə Sisteminin (EBİS) tətbiqi sahələrində əldə olunmuş razılaşmalarla əlaqədar zəruri işlərin həyata keçirilməsi, təcrübə-məlumat mübadiləsinin davam etdirilməsi və qarşıda duran vəzifələrin müzakirəsindən ibarət olub.

Qardaş ölkəyə səfər çərçivəsində təşkil edilmiş görüşlərdə Türkiyə Respublikasının Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Tikinti işləri üzrə Baş idarəsi rəhbərinin müavini İsmayil Tuna Cebecioğlu, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, həmin dövlət qurumlarının mütəxəssisləri və özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Silsilə tədbirlərin rəsmi açılış mərasimində çıxış edən İsmayil Tuna Cebecioğlu və Elxan Əsədov Azərbaycan və Türkiyənin tikintidə təhlükəsizliyə nəzarət üzrə aidiyyəti qurumlarının mütəxəssislərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən bəhs edərək ötən ilin oktyabrında Bakı şəhərində keçirilmiş görüşlər zamanı əldə olunmuş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluq ifadə ediblər. Qeyd edilib ki, tərəflər arasında aparılmış intensiv müzakirələr və qarşılıqlı təmaslar nəticəsində həmin Protokolun müddəalarının həyata keçirilməsi sahəsində xeyli işlər görülüb, tərəflər arasında sıx qarşılıqlı əlaqə yaranıb və xoş işgüzar münasibətlər formalaşıb.

Görüş zamanı Türkiyənin tikintiyə nəzarət sisteminin tərkib hissəsi olan Elektron Beton İzləmə Sisteminin ölkəmizdə tətbiqinin hüquqi və texniki məqamlarını özündə əks etdirəcək metodiki və rəhbəredici sənədin layihəsi üzərində son tamamlama işləri aparılıb.

Eyni zamanda, EBİS sisteminin ilkin olaraq quraşdırılması nəzərdə tutulan FHN TTNDA-nın S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun beton sınağı üzrə laboratoriyalarının həmin sistemə inteqrasiyasının mümkünlüyü, texniki imkanları, betondan nümunələrin götürülməsi, sınaq aparılması və nəticələrinin rəsmiləşdirilməsi prosedurları, eləcə də tikinti materiallarının standartlaşdırılması sahəsində görülmüş işlər barədə təqdimatlar edilib. Bununla əlaqədar praktiki işlərin davam etdirilməsinə dair razılıq əldə olunub.

Səfər çərçivəsində Azərbaycan mütəxəssisləri İstanbul şəhərinin tikinti obyektlərinin birinin yeraltı (əsasən özül) hissəsində aparılan tikinti-quraşdırma işlərinin gedişatını izləyib, tikinti meydançasına daxil olan beton qarışığından nümunələrin götürülməsi, onlara EBİS sistemi üzərindən beton etiketlərin (RFID-çiplərin) yerləşdirilməsi, qəliblənməsi və sınaq laboratoriyasına göndərilmək üçün hazır vəziyyətə gətirilməsi prosedurları ilə tanış olublar. Eyni zamanda, beton nümunələrinin EBİS sistemi vasitəsilə sınaq metodikasına dair müzakirə və işlər özəl sınaq laboratoriyalarının birində davam etdirilib.

Həmçinin Elektron Beton İzləmə Sisteminin təşkili, onun proqram təminatının hazırlanması və texniki müşayiəti ilə bağlı Türkiyənin innovasiya və texnologiyalar sahəsində ixtisaslaşmış “Aselsan” və “Ankaref” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib, bu sistemin Azərbaycanda qurulmasının texniki məqamları müzakirə olunub.

Bundan başqa, təbii fəlakətlər nəticəsində tikililərə və infrastruktura dəymiş zərərin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Azərbaycan mütəxəssislərinin bir qrupu ötən ilin fevralında dəhşətli zəlzələnin baş verdiyi Hatay bölgəsinə gedərək təbii fəlakətin fəsadları ilə tanış olublar. Orada hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə bir neçə binaya vizual baxış keçirilib, ziyanın növü və dərəcəsinin xüsusi proqram vasitəsilə təyin edilməsi, binalarla bağlı sonrakı addımların müəyyənləşdirilməsi istiqamətində praktiki işlər icra olunub.

Qarşılıqlı səmimiyyət və işgüzar şəraitdə keçən görüşlərin yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”dan irəli gələn tədbirlərin icrasının növbəti mərhələsi barədə razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə