Həccə gedən hər adama "hacı" demək düzgündür? - AYDINLIQ GƏTİRİLDİ
"İnsan Həcc, Kərbəla və ya Məşəd kimi ziyarətlərə gedib-gəldikdən sonra onlara mütləq "Hacı", "Kərbəlayi", "Məşədi" demək düzgün deyil. Bunlar dinimizdə vacibat deyil. Sadəcə olaraq insanlar arasında hörmət və ehtiram əlaməti kimi həmin ziyarətlərə gedənlərə belə müraciətlərdən istifadə edirlər. Bunun bir səbəbi də odur ki, digər insanlar həmin ziyarətə gedənlərdən ibrət götürsünlər. Bu cür adlarla müraciət edilən insanlar o ziyarətlərin hörmətini saxlamalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, insanlar sadəcə bu önəmli yerləri ziyarət etməklə kifayətlənməməli, namaz qılmalı, oruc tutmalı, insanlara yardım etməlidirlər: "Məsələn, Həccə gedən insanlara ona görə "Hacı" deyirlər ki, onlar səxavətli olur, əliaçıq olurlar. Hacı Zeynalabdin Tağıyev, Hacı Musa Nağıyev, Hacı Murtaza kimi azərbaycanlılar var ki, xeyriyyə işləri ilə ad qazanıblar. Lakin çox təəssüf ki, indiki dövrdə bir çox adlar dəyərindən düşüb, bəziləri isə məşhurlaşıb. Məsələn, vaxtilə həmin adı istəməyib, bunun üçün xəcalət çəkiblər, indi isə həmin adlar dəbdədir".
F.Nurullayev sözlərinə davam edərək bildirib ki, artıq dövr başqa dövrdür: "Doğrudur, indi də insanlar Həccə gedir. Amma qədim zamanlarda çox az adam Həccə gedirdi. Çünki yüksək səviyyədə maddiyyat tələb olunurdu. İndi insanların rifahı yaxşılaşdıqca daha çox adam ziyarətə gedə bilir. Heç bir insanı Həccə getməyə qadağan etmək olmaz. Əgər müsəlmandırsa, o insan Həccə gedə bilər. Amma ora gedən tövbəkar, pak, namaz qılan olmalı, halal pulla getməlidir. Hər əməl ilə, necə gəldi bu ziyarətə getmək olmaz. Bu zaman o ziyarət qəbul olunmaz. Allah düzgün əməlləri qəbul edər".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB