"Bunun "Qurani-Kərimə" heç bir aidiyyatı yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bunun "Qurani-Kərimə" heç bir aidiyyatı yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Avropaya gedən insanların əksəriyyəti sadəcə coğrafi müsəlmandılar". Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

İlahiyyatçı bildirib ki, çünki İslamın nə olduğunu heç zaman bilmədən özümüzü müsəlman adlandırmışıq: "Quranı oxuyub anlamadan özümüzü müsəlman hesab etmişik. Ətrafımızda olan dini ayinləri nəzərə alaraq bizim də o ayinlərin icraçısı olduğumuzu düşünərək müsəlman olduğumuzu hesab etmişik. Ona görə də müsəlmançılıq araşdırılaraq, tədqiq edilərək deyil, kortəbii, təqlidi, ənənəvi, mental format, dəyər kimi qəbul edilib. Onun üçün İslamı belə görüblər. İslamın mənbəyini araşdırmadan bu cür qərarların verilməsi, təbii ki, bu düşüncədə olan insanların obyektivliyini göstərmir.

Burada oturum almaq kimi digər amillər də var. Amma səmimi olaraq bunları araşdırmayıb düşdüyü mühitə uyğun oradakı missionerlərin təbliğatına aldanaraq, yaxud ağuşuna düşərək bu cür yanlışları qəbul etmək də var. Məsələn, "Qurani-Kərim"də dinindən dönənin öldürülməsi, cəzalandırılması ilə bağlı heç bir mexanizm yoxdur. Təəssüflər olsun ki, bu gün bəzi məzhəblər İslamın adından uydurulan, həmin din anlayışı olan məzhəblər dinindən dönənin öldürülməsi ilə bağlı mürtəd elan edən hökümlər çıxarıblar. Amma bunun "Qurani-Kərimə" heç bir aidiyyatı yoxdur.

Heç bir məzhəbi olmayan, yaxud da başqa dindən olan insanların da İslama keçməsi var. Müxtəlif ölkələrdə mən dəfələrlə şahidi olmuşam ki, sadəcə kəlimeyi-şəhadəti gətirərək və bunu qəbul etdiyini deyərək İslama keçdiklərini bildirirlər. Amma "Qurani-Kərim"də Allah deyir ki, birinci növbədə kəlimeyi-şəhadəti, kəlimeyi-tövhidin ilk sözü olan "Lap ilahə illəllah" sözünü bil, başa düş. Anlayaraq, dərk edərək bunu seçməlisən. İslamı seçmək üçün xüsusi ayin, mərasim, şahid və sair tələb olunmur. Belə anlayış yoxdur. Sadəcə insanlar indi bunu mərasim halına gətirib dünyanın müxtəlif yerlərində də icra edirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə