Məktəblilərin qeyri-etik hərəkətlərinə görə məsuliyyəti kim daşıyır? - AİLƏ, CƏMİYYƏT, YOXSA TƏHSİL

Son günlər məktəblilərin sosial şəbəkələrdə yayılan görüntüləri vətəndaşlar arasında müzakirələrə səbəb olub. Burada günahkar kimdir? Ailə, cəmiyyət, yoxsa təhsil? SİA mövzu ilə bağlı sorğu keçirib

"Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyinin sədri Elçin Bayramlı bildirib ki, son vaxtlar müasirlik adı altında cəmiyyətdə dəyərlərin dəyişdirilməsi tendensiyası gedir. Bu özünü ailədaxili münasibətlərdə və uşaq tərbiyəsində də göstərir.

“Müasir psixoloqlar valideynlərə təbliğ ediblər ki uşaqları tənbeh etməyin, cəzalandırmayın, qoyun azad böyüsünlər, nə istəyir etsinlər. Nəticədə biyabırçı vəziyyət yaranıb. Burada əsas günahkar valideynlərdir.

Uşaq, yeniyetmə və gənclərə durmadan əyləncəli bir həyat tərzinin təbliği özünün mənfi nəticələrini çoxdan biruzə verir. Yeniyetmələrin, gənclərin necə sürətlə narkomaniyaya, kriminala, cəhalətə, müasirlik adı altında hər cür əxlaqsızlığa sövq olunduğunu görürük. Təəssüf ki, bu məsələdə ölkəmizdə boşluq var. 8-10 yaşından etibarən demək olar ki, bütün uşaqların əlində smartfonlar var. Nəzarət olmadan istənilən sosial şəbəkələrə və zərərli resurslara daxil olurlar, nəticədə onların psixologiyası korlanır, yaşına uyğun olmayan davranışlar nümayiş etdirir.

Uşaqların psixologiyasının formalaşmasına ən böyük təsir göstərən faktorlardan biri də onların baxdıqları filmlərdir. Onların böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc - ən yaxşı halda ifadəsiz sifətli naməlum personajların bol olduğu qorxunc filmlərdir. Subliminal mesajlarla dolu olan bu multfilmlər uşaq psixologiyasına olduqca böyük zərər verir. Burada qorxunc komputer oyunlarının da çox böyük təsiri var. Bundan başqa müəllimlərin əlindən alınmış tərbiyə funksiyası onlara qaytarılmalı, uşaqlar məktəbdə də tərbiyə olunmalıdırlar. Bütün bunlar ümumilikdə uşaqların formalaşmasında öz mənfi təsirini göstərir. Bu prosesin qarşısını almaq üçün dövlət xüsusi proqram qəbul etməli həyata keçirməlidir. Xalqımızın gələcəyini cahil kütləyə etibar etməyə dəyməz”.

Sosioloq Lalə Mehralının sözlərinə görə, əksəriyyət cəmiyyətdə, məktəbdə baş verən zorakılıq hallarını əks etdirən videoları ürək ağrısı ilə seyr edir.

“Kimi günahlandıraq? Övladına tərbiyə verməyən valideyn, tərbiyələnmək istəməyən uşaq, amalı, məqsədi təhsil yox rüşvət olan direktorlar, dərs cədvəli satan müavinlər, tərbiyəsiz uşaq əlində naçar qalan müəllimlər, döyülən yaxud döyən şagirdlər, bütün bunlara gözünü yumub, qulağını tıxayan nazirlik – sizcə, hansı daha çox günahkardır?

Siz hələ təsəvvür edin ki, mediadan kənar qalan hadisələr nə qədər olur. Çox vaxt uşaqların təhlükəsizliyi səbəbindən gizli saxlanır, açıqlanmır. Qızlara qarşı cinsi qısnama edən məktəbli oğlanlar, bullinq edən həmyaşıdı olan qızlar əksər hallarda yaşlarının az olması səbəbindən cəzasız qalırlar. Ən yaxşı halda valideynlər məktəbə çağırılıb xəbərdarlıq edilir, ən pis halda məktəbdən xaric edilərək başqa məktəbə göndərilir. Beləcə ayaqlı bəla məktəb-məktəb dolaşır.

Uşaqlar ailənin güzgüsüdür. Ailədə nə görürlərsə onu da tətbiq edirlər. Bəzən deyirlər ki ailədə zorakılıq görməyib, bəs niyə zorakılıq edir? Ola bilər fiziki zorakılıq görməyib, amma sözlə, baxışla, psixoloji olaraq təzyiq altında yaşayıb. Bu hadisələrdə ən böyük məsuliyyət və günah valideynlərin üzərinə düşür. Məktəbdəki şagirdlər valideynlərin əsəridir, onların verdiyi tərbiyəni nümayiş etdirir. Bir sözlə, şagird ailənin məktəbdəki inikasıdır. Biz uşağımıza tərbiyə verməsək, heç bir məktəb, heç bir müəllim onu düzəldə bilməz. Sağlam gələcək psixi və fiziki cəhətdən sağlam uşaqlar deməkdir. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, biz gələcəyimizi artıq itiririk”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Esmira Fuad qeyd edib ki, hər şey ailədən başlayır: “İnsan məktəbə göndərilir, sonra isə cəmiyyətə inteqrasiya edilir. Mən deyərdim ki, günahı bütövlüklə hər tərəfdə axtarmaq lazım deyil. Hər şey zəncirvaridir. Valideynlər məktəblə sıx əlaqə saxlamalı, övladlarının hərəkətlərinə nəzarət etməlidirlər. Düşünürəm ki, sosial şəbəkələrin də burada böyük təsiri var. Bununla yanaşı qətl, qan tökmək, qisas ruhlu filmlərin nümayişi, sosial şəbəkələrdə edilən bəzi yayımlar, yüngül həyat keçirənlərin daha ağır mövzularla bağlı proqramlar aparması buraya təsir edir. Düşünürəm ki, bu aqressiyanın formalaşması mənəvi aşınmalara gətirib çıxarır. Son vaxtlar yayılan videolara baxanda insanın tükləri biz-biz olur. Çünki 11-ci sinif şagirdinin harınlamış hərəkətləri, ondan bir müddət əvvəl Əhməd Əhmədovun ailəsini qətlə yetirməsi insanı dəhşətə gətirir. Ən son yayılan videolar yeni Əhmədin “doğum”unu göstərir. Bu hərəkətin edilməsi və yanındakıların bunu çəkərək sosial şəbəkədə yerləşdirməsi onların normal insan olmadığını, indidən onların düşüncələrində deqradasiya getdiyini göstərir. Üstəlik bunu edəndən sonra deyəsən ki, “Nə etmişəm, əcəb etmişəm, onsuz da atam onlarla danışacaq”. Sən atanın nəyinə güvənirsən? Kimin pulunun hesabına harınlamısan?

Cinayəti törədən cəzasız qalanda cəmiyyətdə cinayətlər baş alıb gedir. Mütləq insanlar hərəkətə keçməlidirlər. Vaxtında bu kimi hərəkətlərin cəzası verilməlidir. Əks halda insanların güvəni, yaşamaq ümidi, sabaha inamı itir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə