5 dekabr Beynəlxalq Könüllülər Günüdür - KÖNÜLLÜ GƏNCLƏR ARASINDA SORĞU

Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Qeyd edək ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.

SİA mövzu ilə bağlı gənc könüllülər arasında sorğu edərək onların fikirlərini öyrənib.

“Könüllü DOST” Amil Ağazadə: "Artıq iki ildən çoxdur ki, könüllülük fəaliyyəti ilə məşğul oluram.
Belə deyərdim ki, könüllülük fəaliyyətinə qoşulmamışdan öncə şəxsi bacarıqlarımı inkişaf etdirmək üçün yeni imkanlar axtarışında idim, daha sonra könüllülük, proqramları qarşıma çıxdı və bu prosesdən sonra könüllülük fəaliyyətimə başladım. Bir çox könüllü təşkilatında fəaliyyət göstərmişəm və hazırda Könüllü “DOST” proqramının üzvü olaraq könüllü fəaliyyətimi aktiv şəkildə davam etdirirəm.

“Könüllü DOST” proqramında könüllülük fəaliyyəti mənim bir neçə müxtəlif şəxsi keyfiyyətlərimin üzə çıxmasına, eyni zamanda, bu keyfiyyətlərimin inkişafında mənə əvəzsiz töhfələr qatdı. Bura, ünsiyyət, emosional zəka, çeviklik və liderlik, layihələrin idarə edilməsi, həmçinin problemin həlli və komanda işinə qədər geniş əhatəli bacarıqlarım daxildir.

Xüsusilə də, “DOST” könüllüsü olaraq deyə bilərəm ki, fəaliyyət xidmətimiz boyunca biz xüsusi qayğıya ehtiyacı olan şəxslərə, eləcə də digər şəxslərə mərhəmət və onların həyatına müsbət təsir bağışlamaq üçün çalışırıq.
Qeyd edim ki, 5 altproqramdan ibarət olan “Könüllü DOST” proqramı bütün yaş təbəqələrindən olan şəxslərin, asudə vaxtlarının səmərəli keçirməsi üçün nəzərdə tutulmuş proqramdır. Həmçinin “Könüllü DOST” proqramının “Könüllü Klubları” layihəsi fəaliyyət göstərir, hansı ki, “Könüllü DOST” proqramının könüllüləri bu klublara qoşularaq müxtəlif şəxsi bacarıqlarını inkişaf etdirməklə yanaşı asudə vaxtlarını da səmərəli şəkildə keçirə bilərlər".

“Bir” Tələbə-Könüllü Proqramı Nəzirə Rəhimli: "Sosiallaşmaq özümü inkişaf etdirmək vaxtımı daha səmərəli keçirərək özümə töhfə vermək üçün “Bir” Tələbə-Könüllü Proqramına qoşuldum.

Könüllülük mənim üçün əylənmək öyrənmək inkişaf etmək könüldən fəaliyyət göstərmək deməkdir. Bu günə qədər könüllü olaraq ölkəmizdə keçirilən dövlət əhəmiyyətli mühüm bir çox yerli və beynəlxaq layihələrdə və tədbirlərdə iştirak edərək təcrübə toplamış və öz potensialımı inkişaf etdirmişəm. Mənim üçün ən əhəmiyyətli fəaliyyətlərimdən biri də azad Şuşada keçirilən eko-aksiyada xalqımın haqq səsini yüksəldərək tarixi anlara şahid olmağımdır.
Azərbaycan könüllüsü kimi özünü inkişaf etdirmək, liderlik qabiliyyətinə yiyələnmək, sosiallaşmaq, yeni təcrübələr qazanmaq istəyən hər kəsə könüllü olaraq fəaliyyət göstərməyi tövsiyə edirəm. Çünki könüllülük fəaliyyəti bizə sosial məsuliyyəti, insanpərvərliyi, yeni bacarıqları öyrədən dəyər məfhumudur. Mənim fikrimcə, könüllülük ölkəmizdə yürüdülən gənclər siyasətinin ən əsas amillərindəndir. Könüllülük, minlərlə kilometrlik bir uğur yolunun ilk addımlarıdır".

“Miqrasiya Könüllüsü” Ictimai Birliyi Hənifə Mahmudova: "Hazırkı dövrdə sosial fəaliyyət dedikdə ağıllara ilk gələn, məhz könüllülük fəaliyyətidir. Müasir Azərbaycanda könüllülük fəaliyyətində inkişaf "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunması ilə başlamış, bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşaraq, gənclərin prioritet inkişafına yönələn layihələr sayəsində günü-gündən inkişaf etmişdir. Universitetə daxil olduğum ilk gündən könüllü fəaliyyətinə başlayaraq, bir çox layihələrə qoşulmaq şansı əldə etmişəm. Mənim üçün könüllülük fəaliyyətimin ən maraqlı və dəyərli günləri “Miqrasiya Könüllüsü” İctimai Birliyində başlamışdır. Burada mən, özümlə bağlı bir çox şəxsi keyfiyyətləri kəşf etmiş və şəxsi inkişafım üçün ilkin addımlar atmışam. “Asudə vaxtlarımı necə səmərəli və keyfiyyətli keçirə bilərəm?” kimi sualların cavabını da məhz burada taparaq akademik və sosial bacarıqları inkişaf etdirmişəm. Yalnız təcrübə deyil, eyni zamada, dəyərli dostlar əldə edərək, komanda ilə işləmək bacarıqlarımı da formalaşdırmışam.

“Gənc Könüllülər” İctimai Birliyi Qasım Xəlilov: "Artıq iki ilə yaxındır ki, “Gənc Könüllü” olaraq fəaliyyət göstərirəm. “Gənc Könüllülər” İctimai Birliyi mənim üçün çox əhəmiyyətli yerə malikdir, çünki həm sosial-ictimai sahədə, həm də öz şəxsi bacarıqlarımın inkişafında Gənc Könüllülərin təsiri çox böyük olub. Bu gün də buradan əldə etdiyim təcrübələrdən həyatımın müxtəlif dövrlərində və hissələrində istifadə edirəm. Şübhəsiz ki, könüllülük və sosial-ictimai fəaliyyət mənim həyatımın ayrılmaz bir parçasına çevrilib. Buradan qazandıqlarımın isə mənası çox dərin, mənəvi yeri isə olduqca vacibdir.

Könüllü fəaliyyətinə başlamaq istəyən gənclərə tövsiyə edərdim ki, vaxtlarını müxtəlif könüllü təşkilatlarda sərf edərək təcrübə qazana, praktiki biliklər əldə edə və təbii ki, öz gənclik dövrlərini sonsuz sayda xoş xatirələrlə doldura bilərlər. Könüllü olmaq yalnız bunlar deyil, könüllü olmaq ən önəmlisi cəmiyyətin həyatında xüsusi yerə malik olmaq və insanlıq üçün təmənnasız dəstəkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə