Kim daha qısqancdır: kişi, yoxsa qadın? - ARAŞDIRMA

Maraqlıdır ki, ali canlı olan insan “əks-cins” uğrunda mübarizədə ibtidai canlını geridə qoyub. El arasında belə bir məsəl var, “Qısqanırsa, demək sevir”. Görəsən bu, həqiqətən belədirmi? Ümumiyyətlə, münasibətdə kişi yoxsa qadın daha qısqanc olur? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bu hissin kökündə nə dayanır? Qısqanclıq nədir?

Qısqanclıq insanların böyük əksəriyyətində müşahidə olunan hisdir. Bu, istər ailə, istər romantik, istərsə də dostluq münasibətlərində özünü göstərir və bir çoxları tərəfindən sevgi və qayğının ifadəsi kimi qəbul edilir.

Lakin qısqanclıq həm də sahiblik hissini əks etdirə bilər. Bu mənada, o, həmin şəxslə qalmaq iradəsinin təmsili olmaqdan çıxır və münasibətləri həbs edən və məhv edən zəhərli bir duyğuya çevrilir. Ona görə də, hansı simptomların olduğunu təhlil etmək və ayırd etmək vacibdir.

Çoxları xəbərsizdir, lakin qısqanclığın birdən çox növü var. Bəzi hallarda hətta patoloji hesab edilə bilər və tibbi müalicə tələb olunur.

  • Normal qısqanclıq

Normal qısqanclıq deyilən şey sahiblik ideyası ilə əlaqəli olmayandır. Adətən bu hiss insanı itirmək qorxusu və ya hətta çatışmazlıq hissi ilə əlaqədardır.

Əksər hallarda normal qısqanclıq hissi keçirənlər bunu ifadə etməməyə çalışırlar, çünki bunun əsaslı olmadığını və ya olduğunu bilirlər. Qarşınızdakı insanda dəyərinizi bilməli və özünə hörmətinizi artırmalısınız. Nə qədər əyləncəli, yaraşıqlı, ağıllı və daha çox şey olduğunuzu bilsəniz, o insanın niyə sizinlə olmağı seçdiyini başa düşəcəksiniz.

Özünə hörmətiniz üzərində işləmək üçün introspeksiyaya bir az vaxt ayırın. Öz xüsusiyyətlərinizi bilmək üçün özünüzü tanımalısan. Nəyi yaxşı etdiyinizi, nəyi bəyəndiyinizi və nailiyyətlərinizi dərk edin.

  • Emosional intellekt

Emosional zəkanın inkişafı qısqanclıq və münasibətlərdəki bir sıra digər vəziyyətlərin öhdəsindən gəlməyə kömək edəcək. Biz tez-tez vəziyyətlərə məntiqsiz reaksiyalar veririk və sonra peşman oluruq. Lakin, tez-tez bu cür hərəkətlər etmək münasibətləri gərginləşdirə bilər. Bunun qarşısını almağın bir yolu emosional zəka üzərində işləməkdir ki, situasiyaları daha çox şüurla müşahidə edə və həmin anlarda necə müsbət hərəkət edəcəyinizi biləsiniz.

  • Müsbət fikirlər

Müsbət düşüncələr inkişaf etdirmək qısqanclığa qalib gəlməyin başqa bir yoludur. Mümkün bir xəyanət və ya sizi qısqanclığa vadar edən hər hansı vəziyyətlə bağlı mənfi hislər və düşüncələr bəsləmək vəziyyəti daha da pisləşdirəcək.

Ola bilsin ki, özünüzü bu düşüncələrə qərq edib sonda yaratdığınız hekayəyə inanırsınız. Buna görə də əsassız bir fikrin yarandığını anladığınız zaman onu uzaqlaşdırın və beyninizi müsbət fikirlərlə doldurmağa çalışın..

  • Danışmaq

Ən vacib məsləhətlərdən biri: dialoq. Danışmasanız, partnyorunuz niyə qısqandığınızı bilməyəcək. Siz nə hiss etdiyinizi deməli, hər zaman başqalarına hörmətlə yanaşmalısınız.

Sizi narahat edən şeylər haqqında səmimi söhbət edin və hər şeydən əvvəl dinləməyə hazır olun. Qarşı tərəfi dinləmək sizə inamsızlıqlarınızın nə dərəcədə real olduğunu və ya sadəcə təsəvvürünüzün və etibarsızlığınızın bəhrəsi olduğunu başa düşməyə kömək edəcək.

Qısqanclıq hissi sağlam ola bilərmi?

Qısqanclığın bir neçə növü və əlamətləri var. Onlardan bəziləri insanlar üçün normal, digərləri isə patologiya hesab olunur. Qısqanclıq bəziləri tərəfindən münasibətdə sağlam bir şey hesab olunur.

Ancaq bunu başa düşmək lazımdır ki, qısqanclıqda sağlam sayılan cəhətlər qayğı, sevgi və o insana sahib olmaq istəyidir. Bütün bu hisləri qısqanclıqla əlaqələndirmək lazım deyil.

Qısqanclıq ən yaxşı münasibətlərdə fikir ayrılığına səbəb olan pis hisdir. Daim qısqanclıq hissi özünə inamı aşağı salır, narahatlığa səbəb olur və insanı paranoyak edə bilir. Qısqanc bir insanla münasibətdə yaşamaq da eyni dərəcədə zəhərlidir, çünki bu, insanı məhdudlaşdırır və incidir.

Beləliklə, həmişə qısqanclığa qalib gəlməyə çalışın. Birlikdə yaşadığınız insanla səmimi dialoq qurun və aranızda inam yaratmağa çalışın. Səmimi olmaq və bir-birinizi dinləməklə, həqiqətən sağlam münasibət qura bilərsiniz.

Romantik münasibətlərdə qısqanclıq

Yaxın münasibətlərdə görülən qısqanclıq duyğusu ən güclü, geniş yayılmış və yorucu duyğulardan biridir. Qısqanclıq münasibətin təhlükəyə girməsi düşüncəsi ilə yaranan duyğudur.

Qısqanclıq daha çox qəzəb, kədər və qorxu duyguları ilə özünü göstərir və münasibətin aşiq olmadan sonra güvənqurma mərhələsində daha sıx olur.

Romantik münasibətlərdə qısqanclıq və sahiblənmə duyğusunun olması normaldır.

Amma, münasibətimizə şübhələrlə yanaşır, gərginlik hiss ediriksə bu həyat keyfiyyətimizə mənfi təsir edirsə, həmçinin partnyorumuzda da qorxu və ya aqressiyaya səbəb olacaq həddə sahiblənmə duyğusu yaranırsa bu qısqanclığın təhlükəli duyğuya çevrilməsinə səbəb ola bilər.

Qısqanclıq hər kəsdə olan bir duyğudur.

Ancaq ozgüvənimiz aşağı olduqda, özümüzü yetərsiz və dəyərsiz hiss etdikdə, partnyorumuzla aramızda sağlam bağ qura bilmədikdə qısqanclıq düşüncələrimizi və duyğularımızı kontrol etməkdə çətinlik çəkirik.

Belə olan halda partnyorumuzu təcrid edə, ailəsi və yaxın ətrafı ilə kontaktını kəsə, əlavə fəaliyyətlərinə sərhəd qoyub, davamlı xəyanət edir düşüncəsi ilə partnyorumuzu günahlandıra bilərik.

Qısqanclıq münasibəti korlayan və boşanmalara səbəb olan önəmli faktlardan biridir.

Qısqanclıq zamanı psixolojı, cinsi və fiziki şiddət göstərə bilərik. Qısqanclığın səbəb olduğu şiddətlər ölümcül belə ola bilər.

Bəs, münasibətdə kişi yoxsa qadın daha qısqanc olur?

Psixoloq Samirə Əhmədli hesab edir ki, “qısqanırsa, demək sevir” məsəli heç də düzgün sayılmamalıdır və bu, özünü praktikada çox zaman layiqincə doğrultmur: “Fikrimcə, qısqanclıq böyük ehtimalla artıq söz-söhbət, dava-dalaş, bir sözlə neqativ bir hissdir. Qarşısındakını təmiz qəlblə, inam və etibarla sevən insan qısqanmamalıdır. Qısqanan tərəf zəifliyini, çarəsizliyini göstərir. O, daim qorxur ki, məni atarlar, dəyişərlər, məndən imtina edərlər, mən tək qala bilərəm, məndən yaxşısı, layiqlisi peyda ola bilər… Mən güclü qısqanclıq hissini insan kompleksləri sırasına da daxil edərdim. Yəni problem qısqanan tərəfin özündədir. Qısqanan şəxs bu hissiylə seçimini, üstəlik öz hiss və duyğularını, demək elə müəyyən mənada özünü şübhə altına almış olur".

Psixoloqun fikrincə, qadın daha çox hisləri, kişi isə ağılı ilə yaşayır və seçim edir: "Kişilərdə məntiqi düşüncə daha yüksək səviyyədə olur. Qadınlarda isə 6-cı hiss nisbətən güclü inkişaf edir. Məncə, qadınlar hisslərini, o cümlədən qısqanclıqlarını elə də gizlədə bilmirlər. Gizlədə bilənləri isə ağıllı qadın hesab edirəm. Çünki bununla onlar kişilərə öz acizliyini, çarəsizliyini nümayiş etdirmir, hər zaman onların gözündə əlçatmaz, yüksəkdə dayanırlar. Bu zaman kişilərin onlara olan maraqlarının itməsi, onları “dəyişmək” halları da nisbətən azalır.”

Samirə Əhmədli hazırkı bir qisim gənc və yeniyetmələrin sevgi münasibətlərindən də tam razı deyil. Onun fikrincə, belə cütlüklərin əsas vaxtı çox zaman yersiz qısqanclıqlarından doğan problem, fəsad və hadisələrin çözülməsi, həll olunması, yaxud da sadəcə nəql olunmasına sərf olunur.

“Daha çox kimlər qısqanır” sualına isə psixoloq belə cavab verir: “Ən dəhşətli qısqanclar uşaqlıqda valideynləri tərəfindən elə də sevilməyən, öpülüb-əzizlənməyən, qucağa götürülməyən fərdlərdən çıxır. Yaxud da əksinə, həddindən ziyadə sevilib-əzizlənən, xüsusən 3-4 yaşlarından sonra daim “əl içi”ndə gəzdirilən, az qala, hər addım və nəfəsi nəzarətdə saxlanılan insanlardan yaranır. Həmçinin uşaqlıqda valideynlərinin boşanmasını yaşayan, qismətinə ögey valideyn yazılmış şəxslərdə də bu hisslər güclü olur.” Psixoloq tövsiyyə edir ki, insanlar ilk öncə özünəinam, özünüqiymətləndirmə kimi hisslərini artırmalıdırlar ki, bu problemlə bu və ya digər hallarda rastlaşmasınlar.

Kişi qısqanclığının əlamətləri, səbəbləri və onunla mübarizə metodları

Əgər qısqanc insan özünü ələ ala bilirsə bu yaxşıdır, amma bəzən kişi qısqanclığı daha ciddi və xoşagəlməz hal alır. Bu prosesi dayandırmaq çox çətindir, sadəcə kişi qısqanclığının mahiyyətini və əlamətlərini anlamaq lazımdır ki, ona səbəb olan amillər məlum olsun. Biz sizə kişi qısqanclığının bir neçə səbəbini təqdim edirik.

- Özünə inamsızlıq
Özünə inamsızlıq və qadınının daha yaxşı birisini tapa biləcək qorxusu. Bu ən yayılmış səbəblərdən biridir.

- Keçmişin psixoloji travmaları
Belə vəziyyətdə kişilər reallığa diqqət etmirlər və onların fikiri yalnız öz daxilinə yönəldilir.

- Hiper mənimsəmə hissi
Qadınına olan başqalarının diqqətini kişi onlara təcavüz kimi qəbul edir. Kişi öz qadının üzərində hakimiyyəti itirməyə qorxur.

Qadın tərəfindən edilən provokasiya
Siz yoldaşınızı qısqanmağa məcbur edərək onu itirmək riskini reallaşdırırsınız. Kişi qısqanclığı qismən aydın olsa da, qadın qısqanclığı bir qədər daha mürəkkəb olur. Kişi üçün ən qorxunc — fiziki xəyanətdir, lakin qadınlar daha çox mənəvi xəyanətdən qorxurlar. Bəzən başqa qadına olan heyranlıq hissini qəbul etmək daha mürəkkəb olur. Qısqanan kişilər daha çox faktlara önəm verdikləri zaman, qadınlar əsasən, belə məsələdə öz intuisiyasını rəhbər tuturlar. Lakin daha çox kişi qısqanclığı ayrılmalara səbəb olur.
Əgər qısqanclıq xəstəliyə çevrilirsə, bu zaman psixoloqların müdaxiləsi lazımdır (bəzən isə hətta psixiatrların). İlk növbədə kişi öz çatışmazlığını dərk etməli və düzəlməyə çalışmalıdır. Ən əsası öz sevdiyiniz insan ilə xüsusi bir əlaqə tapmaqdır. Onunla açıq və səmimi danışın. Öz şübhələriniz və həyəcanlarınız ilə bölüşün (yalnız ittiham formasında deyil). Mütləq ümumi təmas nöqtələrini tapın, çünki birgə maraqlar insanları daha çox yaxınlaşdırır. Siz inkişaf edib, maraqlı işlə məşğul olduğunuz zaman qısqanclığa və emosiyalara vaxtınız qalmayacaq.

Qısqanclıq qadının görmə qabiliyyətini zəiflədir

“Kor qısqanclıq” ifadəsi, sən demə, sadəcə, obrazlı şəkildə söylənilmiş sözlər deyilmiş. Alimlər müəyyənləşdiriblər ki, qısqanc olmaq hissi qadınların birbaşa şəkildə görmə qabiliyyətlərinə mənfi təsir edir. ABŞ-ın Delaver İnstitutu tərəfindən aparılan araşdırmalar zamanı çox maraqlı nəticələr qeydə alınıb. Müəyyənləşdirilib ki, qısqanc qadınlar o dərəcədə mənfi emosiyalara qapılırlar ki, axtardıqları əşyaları belə tapmaq iqtidarında olmurlar.

Belə ki, laboratoriya şəraitində aparılan təcrübədə yanaşı, lakin ayrı-ayrı kompüterlərin arxasında oturan cütlüklər iştirak ediblər. Qadınların vəzifəsi sürətlə bir-birini dəyişən təbiət təsvirlərinin fonunda ara-sıra yer alan emosiyalara mənfi təsir göstərən kadrları yox etməyə cəhd göstərmək olub. Kişilər isə ekranda cəlbedici təsvirləri seçməli idilər. Bu anda eksperimenti aparan əsas mütəxəssis qadınlara kişilərin fotolardakı qadınların xarici görkəmlərinə qiymət verdiklərini açıqlayıb.

Eksperimentin sonunda isə qadınlar öz sevgililərinin digər qızları qiymətləndirməsini eşitməyin nə dərəcədə ağır olduğunu söyləyiblər. Məlum olub ki, daha çox qısqanclıq nümayiş etdirən qadınlar onlara tapşırılan şəkilləri tapmaqda çətinlik çəkiblər. Qısqanclıq və “korluq” hissləri isə qadınların öz sevgililərinin digər qızlara qiymət verməsini fikirləşdikləri an üst-üstə düşüb. Mütəxəssislər bildiriblər ki, məhz bu təcrübə sosial münasibətlərlə həqiqətdə qəbul olunanlar arasında sıx əlaqələrin mövcudluğunu sübut edir.

Qısqanclığın öhdəsindən gəlmək üçün alim məsləhəti

Sevdiyiniz insanla münasibətinizdən qsqanclıq hissini çıxarmaq qərarına gəlsəniz, mütəxəssislərin aşağıdakı tövsiyələrinə əməl edin:

1.Özünüzə etiraf etməlisiniz ki, partnyorunuzu qısqanırsınız. Hər hansı bir mənfi hiss üzərində işləmək üçün ən vacib məqam fərqinə varmağınızdır. Bunu anlayıb qəbul etdikdən sonra onunla mübarizə aparmaq üçün hansı üsullardan istifadə edəcəyinizi düşünə bilərsiniz.

2. Qısqanclığınızın səbəbini müəyyən etməyə çalışın. Bəlkə də partnyorunuz işdə tez-tez ləngiyir və sizə az diqqət yetirir. Bəlkə də qarşı tərəf artıq bir dəfə sizə xəyanət etdiyi üçün indi bu vəziyyətin təkrarlanmasından qorxursunuz. Qısqanclığın əsl səbəbini müəyyən etmək onun kökünü kəsmək üçün daha bir addımdır.

3. Qısqandığınız zaman yaşadığınız hissləri təsbit edin. Bu, narahatlıq, qorxu, paxıllıq, qəzəb və s. ola bilər.

4.Sevdiyiniz insana onu qısqandığınızı etiraf edin.Sadəcə etirafı özünü məhvetmə aktına çevirməyin (“mən pisəm”, “mən çirkinəm” və s.).

Qısqanclığın nə olduğunu izah edən aforizmlər

Sevgi qısqanclığa səbəb olur, amma qısqanclıq sevginin ölməsinə səbəb olur. (İsveçli Kristina)

Qısqanc insan çox, amma qısqanc olmayan daha yaxşı sevir. (Molyer)

Bir çimdik qısqanclıq möcüzələr yarada bilər, ikisi qarışıqlıq yarada bilər. (Paolo Krepet)

Qadın nadir hallarda qısqanc olduğumuzu bağışlayır; amma olmamağımızı heç vaxt bağışlamaz. (Paul-Jean Tulet)

Sevgi ölüm qədər güclüdür; qısqanclıq qəbir qədər qəddardır. (William Shakespeare)

Qısqanclıq sevgi, nifrət, xəsislik və qürur qarışığıdır. (Alphonse Karr)

Qısqanclıq həmişə sevgi ilə doğulur, lakin həmişə onunla ölmür. (Fransua de La Roşfuko)

Sevgi qısqanclığa səbəb olur, amma qısqanclıq sevginin ölməsinə səbəb olur. (İsveçli Kristina)

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə