Sosial şəbəkələrə Azərbaycan cəmiyyətinin BAXIŞI - SORĞU

Sosial şəbəkələr həyatımızın ayrılmaz parçasıdır. Bəs bu ayrılmaz parça bizə ancaq müsbət təsirmi göstərir? SİA olaraq vətəndaşların sosial şəbəkələr haqqındakı fikirlərini öyrəndik.

Şəhər sakini Səbuhi Paşayev düşünür ki, sosial şəbəkələrin daim nəzarətdə olması mənfi haldır: “İnsanların heç nədən xəbəri olmur. Biz VPN açdıqda informasiyaları daha çox öyrənir, əldə edirik. Ölkədaxili müəyyən şeylərə müdaxilə edildiyi üçün çox şeydən informasiyamız olmur. Məsələn, hər kəs "Youtube" işlətdiyini düşünür, amma elə deyil. VPN açıb Youtube-a daxil olsanız tamam fərqli olacaq. Bütün ölkələrdə nə baş verirsə izləyə biləcəksiniz. Əxlaqi cəhətdən müəyyən qadağalara razıyam, amma hər şeyi də qadağan etmək olmaz. Müəyyən yaş kateqoriyası qoyulmalıdır, amma elə informasiyalar var ki, bizim də xəbərimiz olmalıdır”.

Şəhər sakini Bəhram Zöhrabovun fikrincə isə, sosial şəbəkələrdən biri olan "TikTok" barədə ancaq mənfi şeylər demək mümkündür: “Başqa ölkələri deyə bilmərəm, amma Azərbaycanda biabırçı vəziyyətdədir. Youtube-a gəldikdə maarifləndirmə üçün effektivdir. İnstaqram vaxt keçirmək üçün yaxşıdır. Tiktok barədə isə müsbət bir şey demək mümkün deyil”.

Şəhər sakini Elmir Həsənov sosial şəbəkələrin informasiyaların daha tez əldə edildiyi üçün müsbət olduğu qənaətindədir: “Yolda, metroda, nəqliyyat vasitələrində də informasiya əldə edə bilirik. Bəzi yerləri kəşf edir, insanlar haqqında məlumat əldə edirik. Mənfi cəhəti odur ki, bəzi insanlar vaxtını idarə etməyi bilmir”.

Şəhər sakini Ziya Əliyev sosial şəbəkələrin mənfi cəhətinin insanların dünyagörüşlərinə mənfi təsir göstərməsi olduğunu qeyd edib: “Uşaqlar, gənclər, yeniyetmələr qeyri-etik videolarla qarşılaşır. Müsbət cəhəti isə insanların maariflənməsidir. Elmi videolar çəkən, bu işlə məşğul olan insanları izləyənlər maariflənir”.

Şəhər sakini Məryəm Mustafayeva sosial şəbəkələrdən tez-tez istifadə etdiyini bildirib: “Sosial şəbəkələr çox yaxşı olsalar da, çox vaxt alırlar. Sosial şəbəkələrdən çox informasiya əldə etmək olur. Nə çox yaxşı, nə də çox pisdir deyə bilərəm. Tək mənfi tərəfi çox vaxt almasıdır. Bəzən dərslərimi oxumalı olduğum vaxt TikTokda vaxt keçirirəm”.

Şəhər sakini Rahidə Məmmədli sosial şəbəkələrə münasibətinin həm yaxşı, həm də pis olduğunu vurğulayıb: “Pis olmasının səbəbi odur ki, çox vaxtımızı alır və asılılıq yaradır. Mən dərslərə vaxt ayıra bilmirəm. Sosial şəbəkələrdən ayrı qalmağa çalışsam da, alınmır. Telefonu qoyub dərs oxusam da, bir saat sonra TikTok, yaxud Instagrama girirəm. Ona görə yaxşıdır ki, maarifləndirici videolar olur. Onlara baxanda nəsə öyrənirik”.

Şəhər sakini Özləm Quliyeva sosial mediaya münasibətinin normal səviyyədə olduğunu deyib. “Fikirləşirəm ki, məqsədəuyğun şəkildə istifadə etdikdən sonra işlədilən hər online platformadan xeyirli məlumatlar əldə etmək olar. Digər tərəfdən məqsədəuyğun şəkildə istifadədən başqa, bu istifadənin müddətli olmasının da tərəfdarıyam. Sizin də bildiyiniz kimi, hər şeyin çoxu ziyandır. Uzun müddət, saatlarla sosial mediadan istifadə etmək normal yaşantımızı da müəyyən dərəcədə ziyanlar vurur. Məqsədini bilmədən və vaxtını ölçmədən sosial mediada vaxt keçirmək bizim üçün bir çox fəsadlar törədiblər. Amma dediyim kimi, internet, sosial şəbəkələr səmərəli şəkildə istifadə edildikdə insana bir çox xeyri ola bilir. Hər nə qədər online münasibət ənənəvi münasibətin yerini verməsə də, yaşadığımız dövrə-texnologiyanın dövrünə - ayaq uydurub, özümüzə lazım olan və çalışdığımız qədər faydalı şeylər üçün istifadə etməliyim sosial şəbəkələri istifadə etməliyik”.

Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə