Soy-kökdən gələn xeyirxahlıq

II Qarabağ müharibəsi başlananda Lənkəranda da böyük narahatlıq hökm sürürdü. Çünki hamı yaxşı bilirdi ki, biz haqlı olsaq da, 30 il işğal altda qalan torpağımızı geri qaytarmağa çalışsaq da, düşmənin beynəlxalq müdafiəsi daha güclü idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblərə cavab verən döyüş hazırlığı qələbəyə olan inamı artırırdı. Elə buna görə də xalqla ordu arasında möhkəm həmrəylik yaranmışdı. Ön cəbhədəki uğurlar arxadakıları da ruhlandırır, hamı azdan, çoxdan nəyi vardısa döyüşçülərə göndərirdi.

Osakücə kəndi 17 şəhid versə də, sakinlər cəbhəyə yardımı da əsirgəmirdilər. Səyyaf Həbibovun ailəsi tarixi zəfərə qədər bu vətənpərvərlik missiyasını şərəflə yerinə yetirdi. Övladları cəbhə bölgəsinə yardım aparıb, hərbi xəstəxanada yaralılara baş çəkib, onlara həm maddi, həm də mənəvi yardım ediblər. Sonralar ailənin bu vətənpərvərlik missiyası çoxlarına örnək oldu.

Ailənin başçısı Səyyaf Həbibov Osakücə kəndində böyük nüfuz və hörmət sahibidir. “Partiyanın XXIV qurultayı” sovxozunda uzun illər fəhlə, mexanizator, çilingər, mexanik, briqadir, aqronom və anbar müdiri işləyib. Eyni zamanda kənd mədəniyyət evindəki bədii özfəaliyyət kollektivinin üzvü olub. Yaxşı qarmon çaldığına görə nəinki kənddə, rayonda keçirilən tədbirlərə dəvət alıb. Elin toy şənliklərində qarmonunu dilləndirərək kənd sakinlərinin sevincinə şərik olub. Səyyaf 1958-ci ildə Həbibova Tuğra Səbziəli qızı ilə ailə həyatı qurub. Ailədə 11 uşaq böyüdüb tərbiyə etdiyinə görə Tuğra xanıma “Qəhrəman ana” adı verilib. Əslində Tuğra xanım da zəhmətkeşlikdə həyat yoldaşı Səyyafdan geri qalmayıb, kəndlərindəki sovxozda adlı-sanlı çay ustası olub.

Ailənin od-ocağı həmişə halallığa söykənib, yəni bu ocağa haram tikə daxil olmayıb. Süfrələri qonaqların üzünə açıq olub. Burada həmişə Allaha ibadət olunub, oruc tutulub. Tuğra ana 2016-cı ildə Həcc ziyarətində olub. Hələ işlədiyi dövrdə həm də fəal ictimaiyyətçi kimi tanınıb. İstər Səyyaf kişi, istərsə də Tuğra ana kəndin xeyir-şər məclislərində, necə deyərlər, qollarını çırmalayıb qabağa düşüblər.

Tuğra ananın həm işgüzarlığı, həm xeyirxahlığı, həm də təəssübkeşliyi barədə el-obada indi də xoş söz-söhbət dolaşır. Bu söhbətlərin biri Osakücə kənd orta məktəbi ilə bağlıdır. Əvvəlki birmətəbəli məktəb binasında tədris üçün normal şərait yox idi. Yeni məktəb binasının tikilməsi isə müşgül məsələyə çevrilmişdi. Tuğra ana bu barədə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adından səmimi məktubla müraciət edir. Və bununla da məktəb problemi öz həllini tapır. Hazırda şagirdlər müasir tələblərə cavab verən və hər cür tədris şəraiti olan məktəbdə oxuyurlar.
Təbii ki, valideynlərin əməksevərliyi, xeyirxahlığı, ictimai fəallığı övladlara, nəvələrə də keçib. 11 uşaqdan beşi oğlan, altısı qızdır. Qızların hamısı xoşbəxt ailə həyatı qurublar. Oğlanların üçü Moskvada yaşayır və işləyir. İki qardaş isə kənddədir. Mübariz Həbibov mədəniyyət işçisidir. Əsəd Həbibov isə bizneslə məşğul olur. İki oğul, bir qız atasıdır. Böyük oğlu Alim Həbibzadə hazırda Azərbaycan ordusunda xidmət edir.

Atalar demişkən ot kökü üstündə bitir. Həbibovlar ailəsinə də istər zəhmətkeşlik, istər xeyirxahlıq, istərsə də vətənpərvərlik soy-kökdən gəlir. Səyyafın babası Lətif kişi dövrünün tanınmış adamlarından və kolxoz quruculuğu fəallarından olub. Sonralar estafet Əsəd kişiyə keçib. Səyyafın atası Əsəd kişi Böyük Vətən müharibəsinə gedərək qayıtmayıb. Müharibəyə qədər doğma Osakücə kəndində kolxozda mexanizator işləyib. Kənddə çay plantasiyalarının, tərəvəz sahələrinin salınmasına böyük əmək sərf edib. Səyyafın bir oğul övladına məhz atası Əsəd kişinin adı qoyulub. Əsəd kişinin qardaşı İskəndər də müharibəyə gedib, ordan medalla qayıdıb. Sovxozda briqadir, mühasib işləyib.
Əsəd kişinin həyat yoldaşı Sürəyya çox namuslu, qeyrətli bir xanım olub. Əsəddən sonra o, həm oğlu Səyyafa, həm qızı Həbibəyə (o, hazırda dünyasını dəyişib) ata əvəzi olub. Sürəyya gözəl bir xanım olduğuna görə ona elçi düşənlər çox olub. Lakin onun hamıya eyni cavabı olur: “Mən əsgər ailəsinin şərəfini yerə vurmaram, onu son nəfəsə qədər qorumağa borcluyam...”

Qarabağ müharibəsində Həbibovlar ailəsi də şəhid verib. Səyyafın əmisi nəvəsi Şəhriyar Həbibi və Tuğra xanımın qardaşı İdrak Ağamoğlan oğlu Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçiblər. Hazırda Osakücə kənd tam orta məktəbi Qarabağ şəhidi İdrak Hüseynovun adını daşıyır.

Bu ailnin ən yüksək mənəvi keyfiyyəti ata-babalardan gələn xeyriyyəçilik ənənəsini indiki dövrdə ləyaqətlə daha davam etdirməsidir. Ulu Peyğəmbər demişkən sağ əlin verdiyini sol əl bilməməlidir. Təbii ki, bunun üçün öncə zəngin mənəviyyat və geniş ürək lazımdır. Açığını deyək ki, adam var var-dövləti başından aşır, lakin kiməsə bir yardım etmək, kənddə abadlıq işi görmək üçün bir qəpiyindən keçmir. Çünki o, var-dövlətdən zəngin olsa da, mənəviyyatca kasıbdır. Lakin haqqında söhbət açdığımız və ürəkləri Tanrı sevgisi ilə çağlayan sadə bir ailə etdiyi xeyriyyəçiliyini də gizlədir. Ailə və onun övladları bu barədə qətiyyən bir söz belə demədilər. Onların geniş xeyriyyəçilik fəaliyyəti barədə yalnız başqalarının, kənd sakinlərinin verdiyi məlumatlara əsaslandıq. Demə xeyriyyəçilik bu ailənin qanında, kökündə imiş. Övladlar, nəvələr də ailə ənənəsini davam etdirirlər.

Hələ 1990-cı ildə Səyyaf kişinin oğlanları Moskvaya işləməyə gedir və orada qısa zamanda böyük hörmət və nüfuz qazanırlar. Onlar orda layiqli mövqe qazanandan sonra həmyerlilərinə də kömək edir, çörək qazanmaları üçün şərait yaradırlar. Onların xeyriyyəçiliyindən nəinki Osakücə kəndinin, qonşu kəndlərin sakinləri də faydalanırlar. Ailənin maliyyə dəstəyi ilə bərbad vəziyyətdə olan Osakücə, Sinovli, Vilvan-Osakücə yolları təmir edildi. Pandemiya dövründə də doğma kənd sakinləri unudulmadı. Çətin vaxtda həmkəndliləri bu ailənin üzvlərini öz yanında gördülər və yardımından faydalandılar.

Ailənin başçısı Səyyad Həbibov söhbət zamanı dedi: -Nə qədər ki, həyat var, ailəmiz ulu öndər Heydər Əliyevə borcludur. Təxminən 1998-1999-cu illərdə Moskvada olan həmyerlilərimiz, o cümlədən oğlanlarım üçün çox çətin vəziyyət yarandı. Azərbaycanlılar məcburiyyət qarşısında qalıb həmin ərəfədə Moskvada rəsmi səfərdə olan Ulu Öndərimiz Heydər Əliyevə müraciət edirlər. Ulu öndər onlarla keçirilən görüşdə hamını axıra qədər diqqətlə dinləyir, problemlərini öyrənir və kömək edəcəyini bildirir. Çox keçmir ki, dahi rəhbər Rusiya hökuməti qarşısında məsələ qaldırır və beləliklə, Moskvada işləyən azərbaycanlıların təhlükəsizliyi təmin edilir. Həyat yenə əvvəlki məcraya qayıdır...
Bəli, Həbibovlar ailəsinin övladları və nəvələri kiçik bir kənddə dünyaya gəlsələr də, böyük ürəyə və zəngin mənəviyyata malikdirlər. Bu xeyirxahlıq, vətənpərvərlik estafeti isə nəsildən nəsilə keçərək yaşayır.

Bəxtiyar Hüseynov

Bütün xəbərlər Facebook səhifəmizdə