Dəm qazından zəhərlənmə hallarının günahkarı kimdir? - QURUM RƏSMİSİ DANIŞDI

“Biz bilməliyik ki, hər hansı bir sahədə cavabdeh şəxs olmayan yerdə mütləq hadisə baş verir. Əgər günahkar qanunla müəyyən olunmayıbsa, ən sonunda zərərçəkənin özü günahkar sayılacaq. Qaz və digər kommunal xidmətlər sahəsində bir ifadə işlənir: “Təchizatçı kommunal xidməti göstərən balans mənsubiyyətinə, yəni sayğaca qədər cavabdehdir”. “Azəriqaz” ASC sayğacları məsuliyyəti öz üzərindən atmaq üçün evlərdən çıxartdı. Lakin istehlakçıya evində təhlükəsizliyin təmin olunması lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bəlkə də öz əsasnaməsinə əsasən “Azəriqaz” bunu səhv etmədi: “Bəs, bundan sonra evlərdə baş verən partlayışlara kim cavabdehdir? Belə çıxır ki, istehlakçı özü-özünü qorumalıdır. İstehlakçı qanunlar, qaydalar olmayan yerdə özünü qorumalıdır. Ona görə də hökumət elə bir iş aparmalıdır ki, həmin balans mənsubiyyətindən sonra bu işə kimsə cavabdeh olsun. İndi baş verən zəhərlənmə, partlayış hadisələrinə heç kim cavabdehlik daşımır. Əlbəttə ki, bacaların təmizlənməsi, evlərdə monitorinqlərin aparılması məsələləri havada qalıb. Əgər kimsə bir qaz cihazı alarsa, heç bir rəsmi lisenziyalaşdırılmış qurum yoxdur ki, ora müraciət etsin və cihaz quraşdırılsın”.

Sədr sözlərinə davam edərək bildirib ki, cihazlar adi adamlar tərəfindən quraşdırılır: “Əksər vaxtlarda bu hadisələrin çoxunun səbəbini İran peçlərində görürlər. Əslində, İran peçləri öz ölkələrinin standartlarına uyğundur. Azərbaycana gətirildikdə isə buradakı qaz parametrlərinə uyğun olmur. Quraşdırma işini isə anlayışı olmayan adamlara tapşırırlar. Həmin adamda cihazda olan dəliyi genişləndirir və nəticədə bu cür dəhşətli hadisələr baş verir. Təəssüf ki, 19 may 2020-ci ildə Nazirlər Kabinetinin istehlakçı üçün əhəmiyyətli olan 343 saylı qərarı ləğv olundu. Bu qərar təhlükəsizliyi təmin edən mallar siyahısı idi. Ölkənin əmtəə bazarına girməzdən öncə bir çox mallar, o cümlədən, ev tikintisi üçün lazım olan materiallar, elektrik cihazları mütləq yoxlanmalı, sertifikatlaşdırılmalı və daha sonra bazara daxil olması üçün icazə verilməli idi. Hazırda kimliyindən asılı olmayaraq hər kəs hardan nə gətirsə, satışa çıxarır. Belə hallar baş verdikdə isə heç kim cavabdehlik daşımır.

Digər tərəfdən, bu mövzuda əhali arasında maarifləndirmə işləri, monitorinqlər aparılmır. İki il bundan öncə istehlakçıları maarifləndirmək üçün Azad İstehlakçılar Birliyi öz hesabına kitab dərc etdi. Həmin kitab müəyyən sayda dərc olunaraq əhaliyə paylandı. Lakin heç bir sponsor tapılmadı ki, bu iş kütləvi şəkildə həyata keçirilsin. Çox təəssüflər olsun ki, belə proyektlərə dəstək verilmir. Ona görə də insanların qazla davranış mədəniyyəti aşağı olur. Belə vəziyyətdə bu tip qorxunc hadisələrin olması da gözləniləndir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə