"Hər bir abituriyent fərdi xüsusiyyətlərə malikdir" - PSİXOLOQ DANIŞDI

“Hər bir abituriyent fərdi xüsusiyyətlərə malikdir. Bununla yanaşı, onların imtahan nəticələrində də fərq olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ülviyyə Zeynalova deyib.

Onun sözlərinə görə, sınaq imtahanlarında abituriyentlər çox yaxşı nəticələr əldə edirlər və qəbul imtahanında bunu təkrar göstərə bilmirlər: “Valideynləri tərəfindən gördükləri basqı, ətrafdakı yüksək nəticə əldə edənlərlə müqayisə olunmaları, qohum basqısı və s. buna səbəb ola bilir”.

Psixoloq sözlərinə davam edərək bildirib ki, abituriyentlər də öz bacarıqlarına deyil, onlara hədəf qoyulan ballara köklənirlər: “Valideynlərə tövsiyyəm o ola bilər ki, uşaqlarına bu dönəmlərdə dəstək olsunlar və bunu onlara hiss etdirsinlər. “Bu qədər bal yığmasan, evə gəlmə" düşüncələri bizlərə heç yaxşı nəticələr vermir.

Bunlarla yanaşı aşırı imtahan həyəcanı yaşayan abituriyentlərmiz də var. Hansı ki "istədiyim kimi yaza bilməyəcəm" fikri ilə aşırı stressə düşürlər. Bu kimi halları aradan qaldıraraq imtahana tam sərbəst daxil olsalar öz potensiallarını daha yaxşı göstərə bilərlər. Onu da qeyd edim ki gələcəkdə əldə edəcəkləri uğur üçün çox çalışmalı və məsuliyyətli olmalıdırlar. Abituriyentlərə martın 5-i baş tutacaq imtahanda uğurlar arzu edirəm”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə