Gənclər sahəsində hansı uğurlara nail olunub? - SORĞU

Gənclər bir ölkənin ən mühüm sərvəti, gücü və ümididir. Gənclik isə bir milləti yüksəldən ən mühüm amildir. İctimai həyatın böyük bir hissəsini təşkil edən gənclərin təhsili və inkişafı böyük əhəmiyyət kəsb edir.

Bildiyimiz kimi, qarşıdan 2 Fevral Gənclər günü gəlir. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Günün təyin olunması Ulu Öndər Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Bəs, bu gün gənclər sahəsində hansı uğurlara nail olunub? Bu sahədə hansı problemlər var? SİA mövzu ilə bağlı gənclər təşkilatları sədrləri və nümayəndələri arasında sorğu edərək onların fikirlərini öyrənib.

"Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev: “Bildiyiniz kimi bu gün əhalimizin 30%-dən çoxu gənclərdən ibarət bir cəmiyyətdə yaşayırıq. Gənclərlə işləyən vətəndaş cəmiyyətinin inistitutunun təmsilçisi olaraq gənclərimizin hərtərəfli inkişafına istiqamətlənmiş, uğurla həyata keçirilən dövlət gənclər siyasəti və ölkə başçısı tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirirəm. Gənclərlə iş cənab Prezidentimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Məhz bu istiqamətdə qəbul edilən dövlət proqramları, gənclərin təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Gənclər Fondunun fəaliyyəti, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi və s. bütün bunlar ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin, gənclərə olan diqqət və qayğının bariz nümunəsidir.

Mən özüm də şahidi oluram ki, gənclərə dəstək verdikdə, onlar daha da həvəslənir, təşəbbüsləri artır. Azərbaycan inkişaf etdikcə onun gəncləri də inkişaf edir.

Bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, bizim də gənclərimizin əsas problemlərindən biri məşğulluq və düzgün peşə seçimi problemidir. Gənclərin peşəyönümü səhv seçimləri həyatının sonrakı illərində mənfi fəsadlara gətirib çıxarır. Məktəbi, ali təhsil müəssisələrini bitirən gənclər məşğulluq sahəsində bir çox problemlərlə rastlaşırlar. Məlumatsızlıqları, əmək bazarı, qanunvericiliyi sahəsində biliklərinin zəif olması sosial inkişaflarına mənfi təsir göstərir. Həmçinin, həm paytaxtda yaşayan, həm də regionlardan Bakıya təhsil almaq üçün gələn aztəminatlı ailələrdən olan gənclərimizin dərsdən sonra işləməsi də təhsil almasının keyfiyyətinə təsir edir. Bununla yanaşı, heç bir ciddi işlə məşğul olmayan, işsiz, zamanının çox hissəsini çayxanalarda, internet klublarda boş keçirən gənclərimiz də az deyil. Bu kimi hallar gənclərimizin qeyri-sağlam həyat tərzinə meyilliyini artırır. Narkotik vasitələrdən istifadənin gənclər arasında yayılması, hətta məktəb yaşlarında olan yeniyetmələrin də zərərli vərdişlərə aludəçiliyi genefondumuzu ciddi təhlükə altına salır. Oğlanlarla yanaşı, gələcəyin anası olacaq qızların da siqaret çəkməsi, qəlyan istifadə etməsi, alkoqollu içkiyə meyilinin artması da cəmiyyət olaraq ən böyük problemlərin başında gəlir. Çox təəssüf hissi ilə qeyd edirəm ki, siqaretin, alkoqollu içkilərin, enerji içkilərinin azyaşlı uşaqlara satılması qanunla qadağan olsa da, nəzarət olmadığından açıq şəkildə yeniyetmələrə satılır”.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı: “2 Fevral – Gənclər Gününün astanasında Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş gənclərimizi hörmətlə anırıq. Hər an əldə silah xidmətdə olan əsgərlərimizi, Laçın-Xankəndi yolunda 2 aya yaxındır yorulmadan sivil mübarizəsini davam etdirən gənclərimizi, ölkə hüdudlarından kənarda olub qəlbi və əməli daim Vətən deyən və bütövlükdə hər bir Azərbaycan gəncinə “Eşq olsun!” deyirik. Bu gün xalqımızın hər bir nümayəndəsi gənclərimizlə qürur duyur. Bu gün Azərbaycan gənci milli maraqların müdafiəsi üçün hər bir istiqamətdə mübarizə aparmağa qadirdir və bunu uğurla aparır. Xüsusi vurğulamaq lazımdır ki, bu gənclik təsadüfi şəkildə yetişməyib. Həmin gənclərin əksəriyyəti məhz müstəqilliyimizin bərpasından sonra doğulub boya-başa çatan, vətənpərvərlik ruhunda formalaşmış gənclər idi.

1994-cü ildən etibarən dövlət gənclər siyasətinin konturlarını cızarkən Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan gənclərinin qarşısında mühüm tarixi vəzifələri müəyyənləşdirdi. Həmin dövrdə müxtəlif təhlükələrin – müharibə şəraiti, sosial problemlər, ideoloji basqılar fonunda gənclərin enerjisinin, dinamikasının ölkəmizin milli maraqları uğrunda səfərbər edilməsi, onların milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvərlik ruhunda tərbiyəsi işinin təşkili məhz uzaqgörən siyasətin ana xətti idi. Ümummilli lider gənclərlə bağlı hər bir çıxışında gələcək nəslin, gənclərin vətənpərvər olmasını, tarixini, dilini yaxşı bilməsini, adət-ənənələrinə, mənəvi dəyərlərinə sahib çıxmasını, daha çox çalışmasını, daha savadlı olmasını, harada olmasından asılı olmayaraq ölkəmizin maraqlarını qorumasını xüsusi vurğulayırdı.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əsası gənclərdən təşkil olunmuş ordumuzun Vətən müharibəsində qazanmış olduğu misilsiz qələbə bir daha sübut etdi ki, bugünkü gənclik məhz Ulu Öndərin görmək istədiyi gənclikdir. Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyev dövlət gənclər siyasəti haqqında danışarkən qeyd edirdi: “Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”. Həmin görüşdə bir çox məqama toxunuldu. Xüsusilə, postmüharibə dövründə yeni reallıqlarla, çağırışlarla üz-üzə qalan gənclərin inkişaf tendensiyaları, nələrə diqqət etməli olduqları məqamlar ölkə başçısı tərəfindən incəliklə vurğulandı.

Bütün bunları nəzərə alaraq, gənclərimiz bundan sonra da vətənpərvər şəkildə tərbiyə edilməli, fiziki və zehni hazırlıqlı olmalı, dünyanın müasir çağırışlarına cavab verən şəkildə hazırlaşmalı, Qarabağın, ölkəmizin hər bir regionunun quruculuğunda rol almalı, dövlət maraqlarını hər şeydən üstün tutub hər hansı bir təhdidə qarşı daim müdafiəyə hazır olmalıdırlar. Bu gün Gənclər Gününü qeyd edərkən gənclər olaraq söz verək ki, Azərbaycan xalqının və dövlətinin yaşaması, qüdrətlənməsi üçün əlimizdən gələni edəcəyik. Daim dövlətçiliyimizin keşiyində duracaq, ərazi bütövlüyümüzü qoruyacağıq. Gəlin bir-birimizə ilham verək – cəsarətlə və inadla: Hər bir gənc Vətənimiz Azərbaycanın daha da inkişaf etməsi, qüdrətlənməsi üçün canı-könüldən el birliyi ilə çalışsın”.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə: “Artıq 26 ildir ki, fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar gün gəncliyə daim diqqət və qayğı ilə yanaşan Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, gəncliyə sonsuz ümid bəsləyir, onların inkişafı üçün əlindən gələni edirdi. Gənclik ölkənin gələcəyi, çiçəklənməsinin rəhni, xalqımızın rifahının təməlidir. Məhz bu gün, müasir Azərbaycan gəncliyinin milli-mənəvi, vətənpərvər ruhda yetişməsi və tərəqqiyə meyilli olması banisi Ulu Öndər olan gənclər siyasətinin bəhrəsidir. Rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən dövlət gənclər siyasətinin effektiv şəkildə həyata keçirilməsi üçün lazımi qanunvericilik bazasının və müvafiq mərkəzi icra hakimiyyəti orqanının yaranması istiqamətində mühüm addımlar atılmışdır. Məhz onun fəaliyyətinin nəticəsidir ki, dünyada Beynəlxalq Gənclər Gününün qeyd olunması ilə bağlı BMT Baş Assambleyasının qətnaməsindən hələ 2 il öncə Azərbaycanda bu qərar Ulu Öndər tərəfindən 1997-ci ildə verilmişdir.

Bu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən gənclərin hərtərəfli inkişafı, onların cəmiyyətin bütün sahələrində fəal iştirakının dəstəklənməsi məqsədilə gənclər siyasətinə xüsusi diqqət göstərilir. Müasir gənclər hərəkatının inkişafı üçün atılan addımlar, bu istiqamətdə icra olunan dövlət proqramları və müvafiq normativ hüquqi bazanın genişlənməsi ölkə gənclərinin inkişafına öz müstəsna töhfələrini vermişdir. Gənclərin vətəndaş cəmiyyətinin inkişafında fəal iştirakçılığı, inkişaf üçün sağlam mühitin formalaşması, könüllülüyün təbliği və dövlət səviyyəsində dəstək mexanizmlərinin formalaşması aparılan uğurlu siyasətin təcəssümüdür.

Gənclər sahəsində əldə olunan uğurlar sırasında gənclər təşkilatlarının beynəlxalq platformalara fəal inteqrasiyası və təmsilçiyini xüsusi qeyd etmək lazımdır. Son illər ərzində ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq platformalı gənclər təşkilatlarının sayı artmaqdadır.

Bu istiqamətdə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasını da xüsusi vurğulamaq lazımdır. Belə ki, Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü əsasında təsis edilmiş bu gənclər təşkilatı 1961-ci ildə təsis olunan Qoşulmama Hərəkatı tarixində bir ilk kimi üzv ölkələrin gəncləri arasında şəbəkələşmə, əməkdaşlıq və mədəniyyətlərarası dialoqa təkan vermək üçün effektiv bir beynəlxalq platformaya çevrilmişdir. Yaxın dövr ərzində təşkilat tərəfindən yuxarıda sadalanan məqsədlərə xidmət edən müxtəlif yerli və beynəlxalq layihələr, Qoşulmama Hərəkatı Gənclər Sammiti, QH Modeli simulyasiya konfransları, Beynəlxalq Xeyriyyə Bazarı kimi genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

Son olaraq vurğulamaq istərdim ki, Azərbaycan gəncliyinin inkişafının daha yüksək mərhələsinə qədəm qoyması biz gənclərin məsuliyyət və vəzifələrini bir qədər də artırıb. Dünyada və regionda yaranan yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan gəncliyinin qarşıdakı sınaqlardan da müvəffəqiyyətlə keçəcəyinə inanıram.

Gününüz mübarək, əziz gənclər!”.

"Davam" Gənclər Hərəkatının sədr müşaviri Niyaz Əliyev: “Azərbaycanda gənclər siyasəti interaktiv şəkildə öz inkişafını davam etdirir və yeni imkanlarla daha da güclənir. Bu, ondan irəli gəlir ki, ölkə gəncliyinə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərilir. 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması bu əvəzsiz diqqətin bariz nümunəsidir. Müasir dövrdə gənclərin şəxsi inkişafı, xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həll edilməsi istiqamətində əməli addımlar atılıb, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün lazımi şərait yaradılıb.

Biz də yaradılan imkanlardan istifadə edərək bir gənclər təşkilatı olaraq bu siyasi xəttin davamı kimi hər bir gəncin müxtəlif istiqamətlərdə inkişafı və bu prosesdən kənarda qalmaması üçün mühüm işlər aparırıq. Bizim fəaliyyətimiz urban gənclikdən tutmuş klassik gəncliyə qədər olan hər bir gənci əhatə edir.

Sonda isə qarşıdan gələn 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gənclərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə