Qidalarla bağlı hansı şikayətlər var? - AİB SƏDRİ DANIŞDI

Yeni il daxil olandan sonra mağazalarda ərzaq məhsulları ilə bağlı nə kimi problemlər baş verib? İstehlakçılar əsasən nədən şikayətçidirlər? Baş verən hallar, əsasən, nə ilə bağlı olub. Mövzu ilə əlaqədar olaraq, eyni zamanda, suallarımızın cavabını tapmaq məqsədi ilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyovla əlaqə saxladıq.

Qurum rəsmisinin verdiyi məlumata görə, Azad İstehlakçılar İctimai Birliyinə gələn zənglərin 90 faiz telefon vasitəsilə daxil olur: “Bizə gələn şikayətləri isə ümumiləşdirib saxlamırıq. Onlara nəyi necə etməli olduqlarını, istehlakçının davranış qaydasını onlara başa salırıq. Şikayətlərin palitrası çox müxtəlifdir. Təbii ki, bunların yarısı endirim adı altında satılan ərzaqların, əslində, endirimli olmaması ilə bağlıdır. Misal olaraq son şikayətçi qeyd edir ki, aldığı məhsulun endirimli qiymətə olduğunu zənn edib almaq istəyib, lakin sonra kiçik hərflərlə aşağıda onun əsl qiymətinin elə endirimli qiymətə olduğunu görüb. İstehlakçı satıcıya yaxınlaşıb soruşub ki, bu mal endirimdə deyil, aldığı cavab yoxdan ibarət olub. İstehlakçı endirimli plakatın yığışdırılmasını tələb etsə də, mağaza satıcıları ona qulaq belə asmayıb. Bütün bunların hamısı alıcını aldatmaq məqsədi güdür. Təbii malların içərisindən çıxan kənar cisimlərlə də bağlı şikayətlər var".

Eyyub Hüseynov ərzaq məhsullarında çıxan kif, şüşə, metal qırıntıları, çörəyin içərisindən çıxan saplarla bağlı daimi olaraq şikayətlərin gəldiyini bildirib: "Digər bir məsələ ilə spirtli içkilərin yararlılıq vaxtının bitməsi ilə bağlıdır. Təəssüf ki, əhali bilmir ki, araqların saxlanılma müddəti 1 il, şərab 6 ay, konyak 3 il və s. Bunu bilməyən insanlar isə zəng edib deyir ki, spirtli içkilərin yararlılıq müddətinin yazılmadığını bildirir. Əmtəə bazarında olan spirtli içkilər 95 faizinin buraxılma və yararlılıq müddəti qeyd olunmayıb. Bəzi istehlakçılar bir sıra məhsulların yararlılıq müddətinin sonsuz olduğunu zənn edirlər. Misal olaraq Rusiyadan istehlak olunan sodanın belə yararlılıq tarixi qoyulub. İnsan üçün yaradılan hər bir şey sonludur. Sodanın da, duzun da yararlılıq müddəti bir ildən artıq deyil. Nehrə yağı adı altında satılan yağlardan da şikayətlər daxil olur. Əhali bu cür yağların ekspertizia etdirmək üçün yer axtarır. Bununla əlaqədar olaraq da bizə 2 zəng gəlib. Lakin çox təəssüflər olsun ki, ölkədə müstəqil laboratoriyalar sıfır vəziyyətindədir. Qida Təhlükəsizlik Agentliyi bu prosesi ödənişli şəkildə həyata keçirdir. Vətəndaşın isə buna maddi cəhətdən durumu yoxdur.

Yararlılıq vaxtı keçməsi ərzaq mallarının köhnəlməsi, göyərməsi və göbələkləşməsi ilə bağlı şikayətlərin şahidi oluruq. Bununla əlaqədar olaraq Sumqayıtdan şikayətlər var. Malların etiket məlumatlarının düzgün olmaması halları ilə də biz tez-tez qarşılaşırıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə