"Mən qardaşımın ölüsünü belə görə bilmədim" - MÜSAHİBƏ-FOTOLAR

Doğma diyar Azərbaycan həm də qəhrəmanlar ölkəsidir. Bu söz bu ölkə üçün əbəs yerə deyilməyib. Bizim torpaq, bizim vətən yarandığı gündən etibarən qəhrəmanlar yetişdirib. Azərbaycana edilən təcavüzlər bir çox cəsur oğulları torpağımızın müdafiəsinə qaldırıb. Belə oğullardan biri də 20 Yanvar şəhidi Elçin Baxşəliyevdir. 1965-ci il fevralın 12-də Bakıda anadan olan şəhidimiz 225 nömrəli tam orta məktəbi, daha sonra isə 56 nömrəli texniki peşə məktəbini bitirərək çilingərlik sənətinə yiyələnib. 2 nömrəli avtobus parkında sürücü işləmiş, 19-dan 20-nə keçən gecə də taksi maşınları parkının yanında yaralılara kömək edərkən qarın nahiyəsindən güllə yarası almışdır. Aldığı xəsarətdən Semaşko adına xəstəxanada vəfat edib. Qohumları onun meyidini yanvarın 20-də həmin xəstəxananın ölüxanasından tapıb.

Şəhid Elçin Baxşəliyev Abşeron rayonunun Şuraabad (indiki Şorabad) kənd qəbiristanlığında dəfn edilib.

Şəhid Elçin Baxşəliyevin bacısı Gülnarə Hüseynovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- O qanlı yanvar gecəsi barədə təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- 20 Yanvar günü başımıza od-alov töküldü. Gecə saat 12-dən güllələr yağış kimi yağmağa başladı. İnanmırdıq ki, belə bir şey olar. 20 Yanvar günündən öncə Sovet qoşunlarının tankları məhləmizə yerləşdirilmişdi. Bütün qonum-qonşu əl-ələ verib qarşısın kəsməyə çalışsa da, tanklar artıq məhlələrə qəbul olunmuşdu. Səsdən evlərimizdə otura bilmirdik.

Həmin gün anam xəstə idi. Elçin də dişini çəkdirsə də, evə gəlib anasının qulluğunda dururdu. Qardaşım belə bir oğul idi... Artıq güllə baraban səsləri başladıqdan sonra xəbər gəlib ki, ölülərin sayı çoxdur. Elçin də yaralılara kömək etmək məqsədilə Salyanski kazarmaya gedib. Anama da deyib ki, yaralılara kömək edib qayıdacam. Anam da qızdırmalı idi deyə heç ağlına gəlməyib ki, belə hadisə yaşanar. Atamın iş yoldaşı yolda Elçini görüb deyir ki, gəl qayıdaq evə, sən evin tək oğlusan. Elçin də deyib ki, mən gəlmirəm, bəs burada yaralı olanlar tək deyil?

Doğrusu mən görməmişəm, amma görənlər danışırdılar ki, meyitləri də həmin vaxt zülmlə çıxarırdılar. Kimin kim olduğu bilinmirdi. Sonra Elçin də qarnından yaralanıb. Onu Semaşko xəstəxanasına gətiriblər. Elə xəstəxanada dünyasını dəyişib.

- Şəhid olduğu ilə bağlı xəbər nə zaman verildi sizə? Xəbəri eşitdikdə hansı hisləri keçirdiniz?

- Yanvarın 1-də ailəmizin bir sakini də artdı. Mənim oğul övladım dünyaya gəlmişdi. Amma mənim vəziyyət çox ağır idi. Artıq 17-ci günümdə ərizə yazaraq xəstəxanadan çıxdım. Elçin də uşağı görməyə gəldi. Bələyi açdım, baxan kimi dedi ki, bu uşaq necə mənə oxşayır?! Biraz fikirləşəndə sonra xahiş elədi ki, uşağın adını onun adına uyğun qoyaq. Nəsə bu sözündən çox pis oldum. Sonra soruşdum ki, uşağın adının nə olmağını istəyirsən. Həmin ərəfələrdə "Çalıquşu" filmi nümayiş olunurdu. Kinonun baş obrazlarından çox xoşu gəlirdi. Ona görə istədi ki, adı Kamran olsun. Həyat yoldaşım da uşağın sənədlərin düzəldəndə adını Kamran yazdırdı. Hardan bilək ki, başımıza belə qar yağacaq?! Qardaşım şəhid olandan sonra oğlumun adını dəyişdirib Elçin qoyduq.

Mənim atamla qardaşım eyni yerdə işləyirdi. 20 Yanvar günü ikisindən də narahat idim. Bircə evdən çıxmağın yolların axtarırdım ki, gedim onlardan bir xəbər alım. Elə bil ürəyimə dammışdı. Sonra atam özü bizə gəldi. Sən demə atam bütün morqları axtarıb Elçini tapa bilməyib, bəlkə mənim yanıma gəlmiş olar deyə yoxlamağa gəlmişdi. Amma mənə bunu bildirmədi. Mən qardaşımın həlak olduğunu bilmirdim, amma elə bil ürəyimin yarısı yox idi. Hətta Elçinin üç mərasiminə gedəndə belə mənə deməmişdilər. Qohumunuza zəng elədim. Ağlayaraq dedim ki, mənim ürəyimin ölüb. O da xalam oğlanlarının adını çəkib soruşdu ki, kimdən şübhələnirsən? Dedim, onlar da mənim canımdı, amma bu başqa hisdir. Ondan sonra mənə nə olduğunu bilmirəm. Ayılanda gördüm ki, artıq gecdir. Elçinin ölüsünü belə görməmişəm. Ancaq o xatirələrimdə, yuxularımda həmişə sağdır. Hələ də inana bilmirəm ki, qardaşım dünyada yoxdur.

- Qardaşınızı necə xatırlayırsınız? Hansı özünəməxsus xüsusiyyətləri ilə yadınızda qalıb?

- Mənim elə bircə qardaşım olub. Elə bilirdim ki, Elçin həm dostumdu, həm sirdaşımdı, həm yoldaşımdı. Çox mehriban, sadiq oğlan idi. Hamıya kömək edərdi. Biz də bir-birimizə çox bağlıydıq. Bakıya hind kinoları gələndə mütləq bir yerdə gedib baxardıq. İndi də mən bizi həmişə qol-qola xəyal edirəm. Yoxluğuyla barışmaq çox çətindir. Bütün həyatımı məndən alardılar, bircə uşaqlığımı geri verəydilər. Mən yenə qardaşımı qucaqlayardım, yenə bir yerdə olardıq. O öləndə 22 yaşım var idi. Heç doymadım qardaşımdan.

- Qardaşınızın xatirəsini hansı formada əbədiləşdirmək istərdiniz?

- Elçinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində evi var idi. Evi hələ də qalır. Arzusu idi ki, evlənəndə orada yaşasın. İndi ora Dənizçi küçəsi adlanır. Amma çox istəyərdim ki, o küçəyə Elçinin adı verilsin.

- Şəhid olduğu zaman ürəyində kimsə var idi?

- Elçi getdiyimiz bir qız var idi. Maraqlanıb qız üçün ailəsindən razılıq almışdıq. Adı da təsadüfə baxın ki, sevdiyi "Çalıquşu" obrazının adı Fəridə idi. Üzük də alınmışdı, amma nişan üçün mənim vəziyyətimin düzəlməyini gözləyirdilər. Qismət olmadı...

- İkinci Qarabağ Müharibəsində də şəhidlərimiz oldu. Bir şəhid bacısı kimi şəhid ailələrinə nə deyə bilərsiniz?

- Mən bir azərbaycanlı, bir şəhid bacısı kimi bütün şəhid ailələri qarşısında baş əyirəm ki, belə oğullar yetişdiriblər. Onları çox yaxşı başa düşürəm. Bu, çox ağır dərddir. Amma şəhidlər bizim gözümüzün nuru, işığı oldu. Ona görə şəhid ailələrinə də, cənab Prezidentə də təşəkkür edirəm. Başımız sağ olsun.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə