COP30-dək əsas məqsəd tərəflər arasında etimadı bərpa etməkdir - COP29-un sədri

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim fəaliyyətində “çatdırılma onilliyi”nin başlanğıcını qoyub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev London İqlim Həftəsi çərçivəsində keçirilən “COP30-a aparan yol: NDC-lərin iddialılığı və Bakı-Belem Yol Xəritəsi” mövzusunda görüşdə deyib.

M.Babayev qeyd edib ki, COP29 zamanı yeni maliyyə hədəfi müəyyən edilib, yüksək etibarlı karbon bazarlarının qaydaları razılaşdırılıb və Paris Sazişinin icra mexanizmləri tam şəkildə təsdiq olunub.

M.Babayev inkişaf etməkdə olan ölkələrin Bonn konfransındakı narahatlığını vurğulayaraq bildirib ki, tərəflər arasında etimadın sarsılması riski var və COP30-a qədər əsas məqsəd bu etimadı bərpa etməkdir.

“Bu məqsədlə üç əsas element – maliyyə təminatı, iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və güclü siyasi rəhbərlik vacibdir. Donor ölkələr 2024-cü ilin sonunadək adaptasiya maliyyəsini ikiqat artırmaq, 2030-cu ilə qədər UNFCCC fondlarının axınını üçqat artırmaq və illik 300 milyard dollarlıq Bakı Maliyyə Hədəfində öz paylarını açıqlamaq öhdəliyini yerinə yetirməlidir”.

Muxtar Babayev COP29 və COP30 sədrlikləri arasında hazırlanmaqda olan “Bakıdan Belemə Yol Xəritəsi” barədə də məlumat verib: “Bu format bizə aydın, etibarlı, işlək və faydalı plan hazırlamağa imkan verəcək”, - deyə Muxtar Babayev əlavə edib.

“Etimadın bərpasının üçüncü şərti siyasi rəhbərlikdir. İqlim planları yalnız texniki deyil, siyasi səviyyədə də dəstəklənməlidir. Dövlət və hökumət başçılarının məsələyə açıq və güclü dəstək verməsi vacibdir. COP30 çoxtərəfli sistem üçün sınaq olacaq. Əlimizdəki vaxtdan istifadə edərək bu sınaqdan uğurla çıxmaq üçün etimadı bərpa etməliyik”, – deyə M.Babayev çıxışını yekunlaşdırıb.

Görüşdə COP30-un prezidenti, braziliyalı səfir Andre Korrea do Laqo, Birləşmiş Krallığın enerji təhlükəsizliyi və sıfır emissiya üzrə dövlət katibi Ed Miliband və Aİ-nin iqlim, sıfır emissiya və yaşıl inkişaf üzrə komissarı Vopke Hoekstra da iştirak ediblər.

Görüş zamanı tərəflər COP29 və COP30 sədrlikləri arasında prioritet istiqamətlər üzrə – Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC-lər) və iqlim maliyyəsi sahəsində irəliləyişin təmin olunması üçün atılacaq konkret addımları müzakirə ediblər.

Tərəflər həmçinin, Belemdə keçiriləcək COP30-un uğurla nəticələnməsi üçün birgə əməkdaşlıq imkanlarını və çoxtərəfli prosesin möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər.

Görüş COP29-dan COP30-a keçid dövründə prezidentliklərarası mandatların koordinasiyası və qlobal iqlim gündəliyinin irəli aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə