"Azərbaycan Silahlı Qüvvələri yeni inkişaf mərhələsindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Dövlətin hərbi qüdrəti onun təhlükəsizliyini təmin etmək, beynəlxalq təsir gücü və qarşıya qoyduğu məqsədə çatmaq qabiliyyətini şərtləndirən əsas amildir. Azərbaycan Silahlı Qüvvələri də bu gün dünyanın ən güclü orduları sırasındadır". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, ərazi bütövlüyü və suverenliyimizin bərpası ilə adını müzəffər ordular sırasına yazdıran ordumuz müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biridir: "Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz Ümumilli Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, həmçinin onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Müstəqilliyin ilk illərində də xalqın təkidli tələbilə hakimiyyətə qayıdan böyük siyasətçi başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.

Ulu Öndər hər zaman deyirdi ki, “Ordu mövzusu bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik.” 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda “öldü var, döndü yoxdur” deyərək 30 illik işğala son qoyan Azərbaycan ordusu əsas vəzifənin bir an belə arxa plana keçmədiyini sübut etdi. 44 gün ərzində əldə edilmiş Qələbə məhz hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanıldı.

Azərbaycanın böyük qələbəsi bir daha sübut etdi ki, ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutduqda böyük zəfərlər əldə etmək mümkündür.

Zaman göstərdi ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, “etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.”

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Bu illər ərzində ölkəmizdə ordu quruculuğu prosesi tam şəkildə beynəlxalq standartlara uyğunlaşdırılıb.

Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığı artırılır, şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksəldilir, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı davam edir. Təsadüfi deyil ki, 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb".

"Azərbaycan həm də müdafiə sənayesini inkişaf etdirir. Belə ki, ölkəmizin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə yerli istehsal gücləndirilir və beynəlxalq əməkdaşlıq genişləndirilir.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması isə yeni inkişaf mərhələsi deməkdir. Strateji tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən Şuşa Bəyannaməsi çərçivəsində də müdafiə qabiliyyəti və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn sıx əməkdaşlıq, müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlığı davam edir. Xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir və milli maraqlara uyğun şəkildə tətbiq olunur.

Prezident İlham Əliyevin də söylədiyi kimi, biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu, qalib xalq kimi qeyd edirik. Azərbaycan qalib ölkə kimi beynəlxalq problemlərin həllində siyasi vasitələri hərbi vasitələrdən üstün tutur, öz hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyi üçün inkişaf etdirir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə