Xarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılıb

İyunun 27-də Ukraynanın Xarkov şəhərində görkəmli heykəltaraş, Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı Seyfəddin Qurbanovun xatirə lövhəsinin təntənəli açılışı olub.

SİA xəbər verir ki, xatirə lövhəsi ustadın uzun illər dərs dediyi, biliklərini yeni heykəltaraş nəsillərinə ötürdüyü Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının binalarından birində qoyulub. 2021-ci ildə həyatı faciəvi şəkildə yarımçıq kəsilən Seyfəddin Qurbanovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü Xarkov vilayəti “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov tərəfindən irəli sürülüb. 2023-cü ilin noyabrında Xarkov Şəhər Şurası xatirə lövhəsinin qoyulması qərarını verib.

Tədbirdə sənətçinin yaxınları, həmkarları, tələbələri iştirak ediblər.

Tədbirdə Xarkov şəhərinin meri İqor Terexov, Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Dizayn və Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolev, Ukraynanın Xalq rəssamı Viktor Kovtun, “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, Ukraynanın Xalq rəssamı Katib Məmmədov iştirak ediblər.

Mer İqor Terexov çıxışında Seyfəddin Qurbanova şəxsi ehtiramını ifadə edib və onun şəhərin mədəni həyatına mühüm töhfə verdiyini vurğulayıb.

O qeyd edib: “Bu gün görkəmli Xarkov sakininin, çox qiymətləndirdiyim və hörmət etdiyim bir insanın xatirə lövhəsini açırıq. Seyfəddinlə çox şeylər yaşadıq. Şəhərimizi bəzəyən çoxsaylı əsər onun xidmətləridir. "Damdakı skripkaçı", Beketovun, Meçnikovun abidələri, Memarlar meydanındakı kompozisiyalar Xarkovun əsl inciləridir. Bu lövhəni açaraq böyük insanın xatirəsini anırıq. Bəli, o, Azərbaycanda doğulub, amma əsl xarkovlu idi. O, burada yaşayıb, yeni nəsillər yetişdirib. Bu gün burada onun çoxlu tələbələri var - artıq böyük, müstəqil heykəltaraşlar. Seyfəddin Qurbanovun xatirəsi bizim qəlbimizdə əbədi olaraq yaşayacaq”.

Fəxri konsul Əfqan Salmanov Seyfəddin Qurbanovun xatirəsinin əbədiləşdirilməsinə görə şəhər meri İqor Terexova, Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolevə və “Dostluq” cəmiyyətinin sədri Murad Ömərova minnətdarlığını bildirib.

Əfqan Salmanov qeyd edib ki, Seyfəddin Qurbanovun yaradıcılığı mədəniyyətləri və xalqları birləşdirən sənətdir. Onun heykəlləri gənc istedadlar, Xarkov sakinləri və şəhərin qonaqları üçün ilham mənbəyidir.

Qeyd edək ki, heykəltaraş Seyfəddin Qurbanov Xarkovda yaşayıb və fəaliyyət göstərib. Onun yaratdığı heykəllər təkcə Ukraynanın deyil, digər ölkələrin şəhərlərini də bəzəyir. Heykəltaraş İrpendə Zərifə Əliyevanın, Lyublyanada (Sloveniya) Qriqori Skovorodanın, Kiyevdə Müslüm Maqomayevin, Balakleyada Taras Şevçenkonun, Xarkovda üç mütəfəkkirin abidəsinin müəllifidir. Onun "Damdakı skripkaçı" heykəli Xarkovun rəmzlərindən birinə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə