Dövlətimizin xarici siyasəti milli maraqlarımıza tam cavab verir -MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
"Cənab Prezidentin apardığı düşünülmüş milli maraqlarımıza cavab verən siyasətin həyata keçirilməsi Azərbaycanın daxili siyasətinin güclü olmasına böyük təkan verir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin sosial problemlərinin həlli dövlətin daim diqqətində olan əsas məsələlərdəndir: "Hər bir vətəndaş bu gün cənab Prezidentin apardığı siyasətdə bu istiqamətləri aydın şəkildə müşahidə edə bilir. Dövlətin diqqət yetirdiyi mühüm məsələlərdən biri də enerji sektorunun inkişafıdır. Enerji təhlükəsizliyi güclü olan ölkənin iqtisadiyyatı da güclü olur. Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə tam şəkildə təmin edir. Yeni istifadəyə verilən 8 Noyabr adına elektrik stansiyası Cənubi Qafqazın ən böyük elektrik stansiyalarından biri kimi fəaliyyətə başlayır.
Bu stansiya, bir tərəfdən, güclənən iqtisadiyyatın elektrik enerjisinə artan tələbatını təmin edəcək, digər tərəfdən isə xaricə elektrik enerjisi ixracına böyük dəstək olacaq. Hazırda Azərbaycan ilə Avropa ölkələri arasında elektrik enerjisinin ixracı ilə bağlı razılaşmalar mövcuddur. Tikilən yeni stansiyalar yanacaq sərfiyyatına qənaət, yüksək səmərəlilik və müasir texnologiyalardan istifadə baxımından da diqqət çəkir. Eyni zamanda, dünyanın aparıcı iqtisadi gücləri olan Çin və İtaliya ilə əməkdaşlıq Azərbaycanın daha da cəlbedici tərəfdaşa çevrilməsinə səbəb olur.
Enerji sahəsi ilə yanaşı, ona bağlı digər sahələrin inkişafı da gələcək üçün əsas prioritetlərdəndir. Yaxın zamanda Azərbaycanın müxtəlif bölgələrində iqtisadi gücünü nümayiş etdirən daha çox sənaye müəssisəsinin fəaliyyətə başlayacağının şahidi olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə