Azərbaycan dünya azərbaycanlılarının milli iftixar və güvənc yeridir

Azərbaycan dünya azərbaycanlılarının milli iftixar və güvənc yeridir

“Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”.

Ümummilli lider Heydər Əliyevin 28 il öncə - 23 fevral 1994-cü ildə Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşü zamanı dediyi bu sözlər bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Həmrəylik, milli mənafelərin şəxsi mənafelərdən üstün tutulması, milli-mənəvi dəyərlərə bağlılıq və hörmət harada yaşamasından, çalışmasından asılı olmayaraq hər bir azərbaycanlının ən ümdə borcu və vəzifəsidir. “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ərəfəsində bu sözləri yenidən xatırlamaq hər birimiz üçün vacibdir.

Bu gün hər bir azərbaycanlı xoşbəxt və qürurludur. Çünki onun müstəqil dövləti, dünyada öz siyasəti, etibarlılığı ilə seçilən dövlət rəhbəri var. Biz həm də ona görə qürurluyuq ki, artıq üçüncü ildir ki, bizlər bu xüsusi günü Qarabağ dərdi olmadan, qəlbimizdə Vətən həsrəti, yanğısı olmadan qeyd edirik. Biz hər birimiz əminik ki, çox da uzaq olmayan gələcəkdə soydaşlarımız Həmrəylik günümüzü Şuşada, Ağdamda, Kəlbəcərdə, Xankəndidə, Qərbi Azərbaycanda, Təbrizdə öz evində keçirəcək.

Yaxın tarixə nəzər saldıqda, bu günün necə möhtəşəm, dəyərli və şərəfli bir gün olduğunu bir daha müşahidə edirik. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü, Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı səsləndirməsi əslində azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Beləliklə, bu xüsusi gün Azərbaycanın birləşmək istəyinin simvolu idi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Beləliklə, bu gün Azərbaycan xalqı həmrəydir, birlikdir. Bu birliyin nəticəsidir ki, artıq Azərbaycan xalqı qalib xalqdır, Azərbaycanın haqq səsi dünyada daha çox duyulur, o öz haqqını cəsarətlə, qətiyyətlə müdafiə edir. Məlumdur ki, artıq on səkkiz gündür ki, Şuşa-Xankəndi yolunda Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirilir.

Həmvətənlərimiz soyuğa, yağışa, qara baxmadan öz haqlı mövqelərini müdafiə edir, tələblərinin qəbul olunmasını gözləyirlər. Keçirilən aksiyaya xalqımızın hər bir nümayəndəsi birmənalı dəstək ifadə edir. Bu, bizə 2020-ci ilin Tovuz döyüşlərini və Vətən müharibəsini xatırladır. Həmin dövrdə də daxildə və xaricdə hər bir azərbaycanlı bir yumruq kimi birləşmiş, milli maraqlarımızın müdafiəsi üçün vahid mövqe ortaya qoymuşdu. Xüsusilə, xaricdə bir çox təzyiqlərə, təhdidlərə baxmayaraq soydaşlarımız haqq səsimizin dünya birliyinə çatdırılması, erməni yalanlarının ifşası üçün 44 gün ərzində demək olar ki, hər gün aksiyalar keçirmiş, Vətən müharibəsi reallıqlarını dünyaya çatdırmağa cəhd etmişdir. Məhz bu əzmkar fəaliyyət nəticəsində informasiya savaşında ölkəmiz geri qalmamış, hər tərəfli qələbənin əldə olunmasına nail olmuşdur. Təbii ki, bu fəaliyyətdə diaspor təşkilatlarımızın da fəaliyyəti xüsusi qeyd edilməlidir. Son illərdə öz aktivliyi və səmərəliliyi ilə seçilən diaspor təşkilatlarımız Vətən müharibəsində də effektiv fəaliyyəti ilə göz doldurdu. Azərbaycan Prezidentinin şəxsən başçılıq etdiyi informasiya savaşında diasporlarımız və xaricdə yaşayan soydaşlarımızın da dəstəyi ilə böyük bir qələbə əldə olundu.
Beləliklə, bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının milli iftixar, mənəvi dayaq və güvənc yeridir. Ölkəmizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlər də hər zaman dövlət başçımızın diqqətində və nəzarətindədir. Bunun nəticəsidir ki, Azərbaycanın sərhədlərindən kənarda yaşayan milyonlarla soydaşımızın ürəyi bu gün doğma vətəni ilə birlikdə döyünür.

Sonda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edir, 2023-cü ilin ölkəmizə düşərli olmasını, əmin-amanlıq, tərəqqi və xoş günlər gətirməsini arzulayırıq!

Sailə Salahova
YAP Pirallahı rayon təşkilatının fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə