Müşfiq: "Kinokomediyada açıq-saçıq səhnələr və söyüş olmasa, gülməli alınmaz" MÜSAHİBƏ-FOTOLAR

Müşfiq: "Kinokomediyada açıq-saçıq səhnələr və söyüş olmasa, gülməli alınmaz" MÜSAHİBƏ-FOTOLAR

Aktyor Müşfiq Şahverdiyevin "My name is İntiqam 2-Moldava" filmi haqqında SİA-ya verdiyi müsahibəni təqdim edirik:

-"My name is İntiqam 2-Moldava" filmi sizcə tamaşaçılar tərəfindən necə qarşılanacaq?

-Bu ekran işinə baxanlar çox güləcək. Məşhur moldovalı aktyorlar filmdə rol alıb. Bu film "My name is İntiqam"dan daha yaxşıdır. Çünki "My name is İntiqam 2-Moldava"da birinci dəfə buraxdığımız səvləri bərpa etmişik. Daha yaxşı texnikalardan yararlanmışıq. Onu da deyim ki, artıq kino bazarında Türkiyə filmlərindən çox bizim ekran işlərinə önəm verilməlidir. Hazırda tamaşaçılar 80% türk filmlərinə, 20% azəri kinolarına önəm verib, baxırlar.

-"My name is İntiqam 2-Moldava"da açıq-saçıq görüntülərə, söyüşlərə daha çox önəm verməyinizə səbəb nədir?

- Filmdə iki başlı zarafatlar var. Xörəyin duzu və istiotu olmadan yeyilmədiyi kimi, kinokomediyanın da açıq-saçıq səhnələri və söyüşü olmasa, gülməli alınmaz. Bu ekran işini də efir üçün yox, kinoteatrlar üçün çəkmişik. Kim istəsə filmə bilet alıb, gələ bilər.

-Bu o deməkdir ki, kimsə övladı ilə "My name is İntiqam 2-Moldava"nı izləyə bilməz?

-Xeyir. Tamaşaçılarımız uşaqları ilə rahat şəkildə "My name is İntiqam 2-Moldava"nı izləyə bilər. Çünki həmin filmdə balaca oğlan da çəkilib. O da kiminsə uşağıdır.

-"My name is İntiqam 2-Moldava"nın davamı olacaq?

-Bəli, niyə də davamı gəlməsin. Hətta Dubayda da çəkə bilərik.

-"My name is İntiqam"ı rejissor Emin Abdullayev çəkmişdi. "My name is İntiqam 2-Moldava"nı isə başqa rejissor lentə alıb. Filmin rejissorunun dəyişməsinə səbəb nədir?

-"My name is İntiqam 2-Moldava"nı İlham Yaşaroğlu çəkib. İlk işidir. İnanıram ki, İlhamla işləməklə düz etmişik. Filmin səviyyəsi "My name is İntiqam"dan yaxşı olacaq.

-"My name is İntiqam 2-Moldava" üçün nə qədər pul xərclənib?

-Büdcəni açıqlasam, deyəcəklər ki, bu qədər pulu hardan tapmısan? Ancaq onu deyə bilərəm ki, birincisindən 2 qat artıq pul xərclənilib. Komandada 50 nəfər var və 1 ay da Moldavada qalmışıq. Təbii ki, büdcə aşağı deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə