"İki ölkə arasında münasibətlər qədim tarixə malikdir" - POLİTOLOQ DANIŞDI
“Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçirilən Zirvə görüşü Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından yeni addımların atılmasını şərtləndirir. Zirvə görüşündə üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın müzakirəsi, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsinin aparılması onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatı artıq bir qurum kimi özünü təsdiq edib və beynəlxalq platformalarda da öz layiqli yerini tutub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri təşkilatı artıq beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurub: “Təşkilat İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT-nin bir sıra qurumları ilə kifayət qədər yaxşı əlaqələr qurmuşdur. Hazırda bu gün bir çox dövlətlər Türk Dövlətləri təşkilatlarında status almaq arzusunu ifadə edib ki, bu da onun yüksək beynəlxalq nüfuzuna dəlalət edir.
Ümumiyyətlə qeyd edim ki, son illər ərzində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında münasibətlərin intensivləşməsinin şahidi oluruq. Ölkə başçılarının bir-biri ilə müntəzəm görüşləri, liderlərin səfərlərində artım göz qabağındadır. Məsələn təkcə son bir il ərzində Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, İlham Əliyevin Özbəkistana, Qazaxıstana, Türkmənistana və Qırğızıstana səfərləri, səfərlər zamanı əldə edilmiş razılaşmalar həm türk dövlətləri, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələrimizin inkişaf tempindən xəbər verir.
Zirvə görüşünün Özbəkistanda keçirilməsini nəzərə alaraq Azərbaycan və Özbəkistan arasında münasibətlərə də toxunmaq yerinə düşər. Bu münasibətlər hər keçən gün daha da inkişaf edir. Elə məhz bu münasibətlərin nəticəsidir ki, cənab Prezident İlham Əliyev son yeddi ay ərzində Özbəkistana üçüncü dəfədir ki, səfər edir. İyun ayında baş tutmuş dövlət səfərindən sonra sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş toplantısında da cənab Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak etmişdir və nəhayət dünən Türk Dövlətləri Təşkilatının zirvə görüşündə üçüncü səfər baş tutmuşdur.
İki ölkə arasında münasibətlər qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və təbii ki, din birləşdirir. Keçən əsrdə 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.
Müstəqillik əldə etdikdən sonra bu münasibətlər daha da inkişaf edib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb.
İqtisadi sahədə də əlaqələr inkişaf edir. Bu il avqustun 1-də Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın iclası keçirilib və iclasda ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.
İqtisadi göstəricilərin inkişafını statistik məlumatlar da sübut edir. Məsələn, bu ilin doqquz ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 131,06 milyon dollar olub. Keçən il bu göstərici 111,9 milyon dollar idi. Bu il yükdaşımaların həcmində də artım müşahidə olunub. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında göstərici 578 min ton olub. Bu, əvvəlki illərə nisbətən təqribən 3 dəfə çoxdur.
Mədəni əlaqələr də artan tempdə inkişaf edir. Bu il oktyabrın 16-22-də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin keçirilməsi bunun bariz nümunəsidir.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.
Ümumiyyətlə qeyd edim ki, bu cür tədbirlər təkcə ölkələr arasında münasibətlərin inkişafı baxımdan deyil, həm də Azərbaycan həqiqtələrini dost və qardaş dövlətlərə çatdırmaq baxımından da mühüm əhəmiyyət kəsb edir. Elə son görüşdə də cənab Prezident tərəfindən Ermənistanın təcavuzkar siyasətinin davam etdirilməsi, ərazilərimizdə minaların basdırılması, mülki insanlarımızın mina terrorunun qurbanına çevrilməsi, ərazilərimizin dağıdılması, məscidlərimiz, dini və mədəni abidələrimizə qarşı həyata keçirilmiş vandalism aktları ilə bağlı geniş məlumat verildi. Təbii ki, TDT üzvü olan dövlətlərin hər biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı şəkildə dəstəkləyirlər. Amma bu həqiqətlərin davamlı olaraq sadalanmasına və yaddaşlarda qalmasına ehtiyac var və bu baxımdan da öz öhdəliklərini yerinə yetirməyən Ermənistana beynəlxaq təzyiq baxımından bu faktların hər fürsətdə bəyan edilməsi olduqca vacibdir.
Son Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən növbəti dəfə Güney Azərbaycan mesajının verilməsini də xüsusi olaraq qeyd etmək lazımdır.
Cənab Prezident haqlı olaraq bildirdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir və Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum olduğunu bildirən prezident Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almasının daim təşkilatın gündəliyində olmalı olduğunu bildirməsi çox mühüm mesaj idi və bu mesjın Türk dövlətlərinin liderlərinin iştirak etdiyi toplantıda səsləndirilməsi onun təsirini ikiqat artırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB