"Azərbaycanın müstəqilliyə gedən yolu bu tarixdən etibarən başladı" - QHT RƏSMİSİ ŞƏRH ETDİ

"Azərbaycanın müstəqilliyə gedən yolu bu tarixdən etibarən başladı" - QHT RƏSMİSİ ŞƏRH ETDİ

"17 Noyabr Azərbaycan xalqının Milli Dirçəliş Günüdür və 1992-ci ildən rəsmi bayram kimi qeyd edilməyə başlayıb. Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək azadlıq meydanına toplanması və SSRİ hökümətindən müəyyən tələblərin irəli sürülməsi ilə başladı". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, Topxanada meşələrin qırılmasına etiraz edən xalqın həmrəylik nümayişi həm də Dağlı Qarabağ adlı ərazidə ermənilərin antiazərbaycan mövqeyi ilə çıxışları, Azərbaycanın təbiətinə qarşı vəhşililərin törədilməsi ilə bağlıdır: "Qarabağ məsələsi ətrafında antiazərbaycan siyasətinə etiraz olaraq həm Ermənistana, həm də SSRİ hökümətinə qarşı antisovet xalq hərəkatı kimi yadda qalıb. Bir il sonra 1989-cu ildə Azərbaycan xalqının bu həmrəyliyini görən xarici təşkilatlar Azərbaycan xalqını ilin xalqı adlandırmışlar. 17 noyabr 1988-ci ildə Azadlıq meydanında toplanan insanlar dekabrın 5-nə qədər bu aksiyada iştirak ediblər. Bu hadisələr milli azadlıq hərəkatının oyanışı kimi qiymətləndirilir.

O dövrdə Azərbaycanın bir çox bölgələrinə rus qoşunları yerləşdirilmişdi və bu hərəkatı dayandırmaq üçün rus ordusu gücdən istifadə edəcəkdi. Əhaliyə müraciət olundu ki, meydanları tərk etsinlər. Lakin insanlar buna məhəl qoymadı. Rus ordusu noyabrın 4-dən 5-nə keçən gecə insanlara hücum etdilər, insanları həbs etdilər. İnsanların tələbi o idi ki, Azərbaycan hökuməti Ermənistanla iqtisadi əlaqələri keçməlidir və Topxana meşəsində nə baş verdiyini cəmiyyətə açıq şəkildə izah etsinlər. Ağdamda 2 nəfər gəncin ölümü ilə nəticələnən hadisə baş vermiş və komendant saatı tətbiq edilmişdi. Xalq komendant saatının ləğvini tələb edib. Bundan əlavə Dağlıq Qarabağ ərazisində partiya və sovet orqanlarının buraxılmasını, orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normalarının bərpa edilməsini tələb ediblər.

Qeyd edim ki, Ermənistanın təcavüzü böyümüşdü. Rusiya və Moskva hakimiyyəti bunun qarşısını almaqda maraqlı deyildi, antiazərbaycan mövqeyindən çıxış edirdilər. Qarabağın Azərbaycandan ayrılmasını və Ermənistana birləşdirilməsini istəyirdilər. Bu baxımdan Azərbaycan xalqının milli həmrəyliyinin oyanışı baş verdi. Azərbaycanın müstəqilliyə gedən yolu məhz elə bu tarixdən etibarən başladı. Bundan əlavə biz meydanlara SSRİ-nin tərkibində olan Azərbaycan bayrağı ilə daxil olsaq da indi müstəqil Azərbaycan bayrağı dövlətimizin başında qürurla dalğalanır.

2020-ci ildə baş verən 44 günlük müharibədə Azərbaycanın Müzəffər Ali Baş Komandanı və ordumuz qisasımızı aldı və torpaqlarımızı işğaldan azad etdi”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə