2020-ci il 10 noyabr tarixində Üçtərəfli Bəyanat imzalanmışdır. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında imzalanmış üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağda təmas xəttinə və Laçın dəhlizinin bir hissəsinə nəzarət Rusiya sülhməramlılarına verilib. Bu üçtərəfli bəyanat hansı cəhətləri ilə qiymətlidir? İlk öncə, 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Sonra həmin Bəyanat uzun illər davam edən işğala son qoydu. Daha sonra Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Nəhayət, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycanın bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib və uğurlarımıza seviniblər. Həmrəylik bizim ən böyük sərvətimiz və dəyərimizdir. 10 noyabr Bəyanatı Azərbaycanın maraqlarına uyğun bir şəkildə hazırlanmışdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Rəşadətli Azərbaycan Ordumuz döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunmuşdur. Üçtərəfli Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır. Rəşadətli Ordumuz hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Vətən müharibəsi müddətində Türkiyədən gələn dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Bunun nəticəsi olaraq, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı.
10 noyabr Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Bu isə Türkiyənin rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində mühüm rol oynayacaqdır. İmzalanan Üçtərəfli Bəyanatı Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını nəzərdə tutur. Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaqdır. Üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan arasında bütün hərbi fəaliyyətlərin başa çatdığını elan etdi. O, regionda sülhün möhkəmləndirilməsi üçün bütün erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması, məcburi köçkünlərin geri qaytarılması və regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi parametrləri müəyyən etdi. Hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma fəaliyyətlərinə başlayıb və onların tam reinteqrasiyası prioritet təşkil edir. Bu cür fəaliyyətlərin məqsədi nəhayət, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına və münaqişənin təsirinə məruz qalmış ərazilərdə dinc həyatı təmin etməyə imkan yaratmaqdır. Bu günlərdə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələr qayıdıb. Azərbaycan etnik, dini və ya hər hansı digər mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməklə, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını da öz siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Xalqımız qazanılmış Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Ordumuza xüsusi sevgi və hörmət bəsləyir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB