Bayraq xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir ŞƏRH

Bayraq xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir ŞƏRH

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Azərbaycan xalqı ötən əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Dövlət bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir.

Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının yerləşdirdiyi binada qəbul edilib və qaldırılıb. 7 dekabr 1918-ci il tarixində Dövlət Bayrağımız şərqdə ilk demokratik, dünyəvi dövlət olan AXC parlamentinin açılışı zamanı qaldırılıb. Parlamentin birinci iclasını açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə üçrəngli milli bayrağına xitabən deyib: «Bir kərə yükləsən bayraq, bir daha enməz!». 28 may 1957-ci il tarixində SSRİ-nin ən güclü vaxtında Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki soydaşımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancırlar. Sonradan 10 ilədək həbs cəzası alan bu soydaşlarımız üçrəngli bayrağımızın yaddan çıxmadığını göstərirlər.

Dövlət bayrağımız ikinci dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə edilməsi, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbulu ilə əlamətdar olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Bununla əlaqədar ulu öndər Heydər Əliyevin öz əli ilə yazıb imzaladığı Ali ­Məclisin qərarında deyilirdi:

“Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi qərara alır:

1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Sevindirici haldır ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı iqamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...",- deyən ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.

Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Artıq Dövlət Bayrağımız bütövlükdə Qarabağda dalğalanır. Dövlət bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə