Azərbaycanın hərbi-siyasi qələbəsinin elanı: 10 noyabr Bəyanatı - ŞƏRH
44 günlük Vətən müharibəsinin hər günü Azərbaycan Ordusunun irəliləyişi və qələbələri ilə əlamətdar olduğu kimi həm də dövlət başçımız İlham Əliyevin diplomatik zəfərləri ilə xarakteristik idi. Azərbaycan Prezidenti, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək və tarixi torpaqlarımıza qovuşmaq naminə aparılan müharibənin ilk günündən son gününə qədər eyni anda cəbdədə, informasiya müstəvisində və diplomatiya masasında mübarizə aparır, gedən proseslərə şəxsən rəhbərlik edirdi. Sonda əldə olunan nəticələr göstərdi ki, hər üç mübarizə meydanında Azərbaycan qeyd-şərtsiz qələbə əldə edərək, gələcək nəsillərə və tariximizə möhtəşəm bir “Zəfər dastanı” miras qoyub. Qələbənin hər üç istiqamətindən geniş şəkildə danışmaq mümkündür amma diplomatik istiqamət bugünün xüsusiyyəti ilə daha çox üst-üstə düşür.
10 noyabr 2020-ci il tarixdə 44 gün davam edən hərbi əməliyyatların yekunu və Ermənistanın öz məğlubiyyətini açıq etirafının əyani təsdiqi kimi Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən üçtərəfli Bəyanat imzalandı.
Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış yeni reallığa uyğun hazırlanmış bu, tarixi Bəyanat Ermənistanın kapitulyasiya aktı idi və ölkəmizin maraqlarına tam uyğun şəkildə hazırlanmışdı. Ümumilikdə doqquz bənddən ibarət olan bəyanatda Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmə tarixləri, Rusiya sülhməramlılarının bölgədə dislokasiya nöqtələri və qalma müddəti, Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhliz və bəzi humanitar əsaslı bəndlər yer almışdı. Beləliklə, Bəyanat yaradılmış yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən edirdi.
Məlumdur ki, cəbhədə əldə olunan zəfər masa üzərində öz təsdiqini tapa bilmirsə və düzgün siyasi gedişlərlə nəticələndirilmirsə o zaman, qələbə yarımçıq qalmış olur. Azərbaycanın timsalında isə onun liderinin möhtəşəm diplomatik məharəti sonda hərtərəfli qələbəyə şərait yaratdı. Və bu gün, bu qələbələr hələ də davam etməkdədir. 10 noyabr 2020-ci il tarixindən günümüzə qədər Rusiya və Avropanın təşəbbüsü ilə dəfələrlə müxtəlif platformalarda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri baş tutmuş və görüşlərin yekununda Bəyanatlar qəbul olunmuşdur. Ancaq bu bəyanatların heç birində Azərbaycanın mövqeyini şübhə altına alacaq və ya ölkəmizin dəstəkləmədiyi bir bənd belə yer almamışdır. Qalib ölkə kimi Azərbaycan daima üstün və diktə edən tərəf statusunda olmuşdur. Düzdür, üzərindən iki il keçsə də, üçtərəfli Bəyanatın bəzi bəndləri icra edilməmiş və ya qismən icra edilmiş olaraq qalmaqdadır. Xüsusilə, torpaqlarımızdan erməni silahlı qüvvələrinin tör-töküntülərinin tam çıxarılmaması və Zəngəzur dəhlizinə maneələr yaradılması cəhdləri Azərbaycanın səbrini sınayır. Ancaq ölkəmiz hələ təmkin göstərməkdədir.
Necə ki, 27 il torpaqlarımızın sülh yolu qaytarılması və bir gəncin belə qanının axmaması üçün göstərirdi. Ancaq bizim səbrimiz daşanda nə olduğunu Ermənistan unutmamalıdır. Aprel döyüşlərini, Günnüt əməliyyatını, 44 günlük müharibəni, Fərrux əməliyyatının, “Qisas” əməliyyatının, 13-14 sentyabr təxribatlarının nəticələrini unutmamalı olduğu kimi. Azərbaycanın “dəmir yumruğ”u yerindədir. Üstəlik indi daha da sərt şəkildə. Ermənistanın kimlərəsə arxalanması, vaxt udmağa çalışması heç bir nəticə verməyən və ancaq özünə ziyan verən absurd bir addımdır. Çünki, onun qarşısında vətən eşqi ilə alışıb yanan tam peşəkar ordu, qəyiyyətli, arxasında 10 milyonluq xalqı bir yumruq kimi birləşdirən əzmkar lider və qanını, canını Vətənə qurban deməyə hazır xalq var. Belə bir birliyin qarşısında heç nə tab gətirə bilməz, hətta dağ belə olsa dayana bilməz.
Necə ki, 44 günlük müharibədə dayana bilmədi. Yəqin etmək olar ki, Ermənistan özü də bunu çox gözəl anlayır və bilir. Sadəcə illərlə yalanlarla, miflərlə aldadılmış, beyni doldurulmuş xalqın qarşısında başqa cür danışmağa cürətləri çatmır. Ermənistan hərbi-siyasi rəhbərliyi müharibə günlərində olduğu kimi bu gün də xalqına qarşı dürüst deyil. Kimlərsə itirəcəyi “kreslo”ya, kimlərsə siyasi ambisiyalarına görə erməni xalqını aldadır və onun gənclərini səbəbsiz ölümə göndərir.
Yoxsa, hamı yaxşı anlayır ki, Ermənistanın Azərbaycanın diktələrini yerinə yetirməkdən, üzərinə götürdüyü öhdəlikləri icra etməkdən başqa çarəsi yoxdur. 10 noyabr Bəyanatının hər bir bəndi mütləq sürətdə yerinə yetirilməlidir. Başqa variant sadəcə olaraq yoxdur...
Mübariz Xudaverdiyev
Qarabağ müharibəsi Əlilləri, Veteranları və
Şəhid ailələri İctimai Birliyinin Pirallahı rayon filialının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB