Azərbaycan və Əlcəzair: İşğal həyatı yaşamış ölkələr ŞƏRH

Azərbaycan və Əlcəzair: İşğal həyatı yaşamış ölkələr ŞƏRH

Cari ilin noyabr ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə sədrlik edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Fəxri qonaq kimi Əlcəzairdə keçirilən Zirvə toplantısında iştirak etmişdir. Toplantıdan əvvəl Prezident İlham Əliyev Əlcəzairin azadlığı uğrunda həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsini və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış Xalq müqavimətinə həsr olunmuş Milli Mücahidlər Muzeyi ilə tanış olmuş, muzeyin xatirə kitabına bu sözləri yazmışdır: “Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram.” Qoşulmama Hərəkatının sədri kimi Fəxri qonaq qismində dəvət edilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış edərək nüfuzlu bir tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirmiş, Milli Azadlıq Günündə Əlcəzairdə olmasından məmnun olduğunu bildirmiş, Əlcəzair Prezidentini və Xalqını Azadlıq Günü münasibətilə təbrik etmişdir. Daha sonra cənab Prezident çıxışında qeyd etmişdir ki, mən bu gün toplantıdan öncə şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair Xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik. Daha sonra cənab Prezident qeyd edib ki, bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik. Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir. Сənab Prezidentin Zirvə toplantısındakı çıxışı çox böyük maraqla qarşılanmışdır. Çıxışda Əlcəzair xalqına qarşı uzun illər boyu zülm törətmiş Fransa barəsində söylənilən fikirlər Fransa Prezidenti Emmanuel Makronun ermənipəst çıxışlarına tutarlı cavab oldu.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə