İslam adı altında ERMƏNİ SEVGİSİ – TƏHLİL

İslam adı altında ERMƏNİ SEVGİSİ – TƏHLİL

Guya rəsmi Tehran Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib, amma hadisələr göstərir ki, bu yalnız sözdə olub, əməldə yox. Müxtəlif səpkili təxribatçı bəyanatları ilə, sərhəd zonasında hərbi təlimlər keçirməsi ilə, əzələ nümayiş etdirməsi ilə, Azərbaycana qarşı aşkar şəkildə düşmən mövqedə olan İran, hələ də öz mövqeyində dəyişməz qalır və görünür ki, Ermənistana dəstəyi ilə şeytanın yolunu seçib, çünki Ermənistan öz təxribatçılığı ilə yalnız şeytani əməllər törədən bir dövlətdir. Şeytanın yanında olan isə İslam adı altında olsa da belə şeytan təəssübkeşliyi, erməni sevgisi aydın şəkildə özünü biruzə verir.

İran vaxtaşırı terrorçu qruplaşmaları silahlandırırsa, deməli məqsədi sülh deyil, müharibəni qızışdırmaqdır. Rəsmi Tehran hətta terrorçuları maliyyələşdirir də, müharibəyə təhrik də edir. Müsəlman terrorçu ola bilməz və görünür, İran hökuməti hələ bunu dərk edə bilməyib. Dərk edə bilməyib ki, terrorçunun, qatilin, qətliam törədənin yanında olmaqla, bir dövlət kimi təkcə öz nüfuzuna zərbə vurmur, eləcə də dünyada “İslam terrorçuluğu” fikrini formalaşdırır. Lakin İslam dini humanist dəyərlərin daşıyıcısı olan bir mütərəqqi dindir, zorakılıq da, vəhşilik də bu dinə yaddır. Buna baxmayaraq özünü İslam dövləti kimi dünyaya sırımağa çalışan İran, Ermənistana, tarix boyu müsəlman əhaliyə divan tutan bir işğalçı ölkəyə qayğı göstərdiyini gizlətmir. Elə isə, deməli, düşmənimizlə, şeytani əməl sahibləri ilə özünü bir tərəzidə görür və elə ikrah doğuran da məhz budur.

Görürük ki, İran tərəfinin nümayəndləri vaxtaşırı Ermənistana yollanır, eləcə də bu ölkənin nümayəndələrini mütəmadi şəkildə qəbul edir. Ən çox ikrah doğuran isə, İran diplomatlarının ermənipərəst mövqeləridir ki, onlar bunu gizlətmək belə niyyətində görünmürlər. Təcavüzkara, hər zaman aranı qarışdıran şeytanlara qarşı olmaq, mübarizə aparmaq əvəzinə, utanmadan onlara dəstək də olurlar, şeytanla bir müstəvidə qərarlaşmağı məqbul hesab edirlər. “Yoldaşını göstər, kim olduğunu deyim”, zərb məsəli düz yerinə düşür və əgər şeytana yoldaş kimi baxırlarsa, kimlikləri də bəlli olur, dövlətləri də.

Nordooz kəndi üzərindən keçəcək 7,2 kilometrlik Qacaran tunelini məhz İran şirkətlərinin inşa edəcəyi barədə İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın görüşündə razılıq əldə olunub. Maraqlıdır, “Şimal-Cənub” nəqliyyat dəhlizinin İran ərazisindən keçən 164 kilometrlik Qəzvin-Rəşt-Astara hissəsinin tikintisini 14 ildir uzadan İran Ermənistan üçün tunel tikmək qərarına gəlibmi? Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi üçün Azərbaycandan 500 milyon dollar həcmində kredit alan, amma hələ də sözügedən yolun tikintisini uzadan İran indi Ermənistanda tunel inşasına nə yaman həvəs göstərir? Vətəndaşlarının böyük əksəriyyəti müsəlman olan bir dövlətin deyil, xristian dövlətinin yanında olan dövlətə İslam dövləti deməyə belə adamın dili gəlmir. Bu, İslam adı altında şeytan təəssübkeşliyi, erməni sevgisidir, çünki bu dövlət həmişə olduğu kimi, yenə də ancaq müsəlmanların qanına susayan erməni ilə əlbirdir.

İslam əxlaqına və dəyərlərinə zidd siyasət yürüdən İran təcavüzkarın, terrorçunun, işğalçının yanında olmaqla, qatilləri, vəhşiləri, insanlığa sığmayan əmansız hərəkətlər törədənləri, soyqırımlar, qətliamlar edənləri dəstəkləməklə şeytanla bir müstəvidə olduğunu nümayişkəranə şəkildə göstərir. Bir dövlət ki, haqqın, ədalətin, yəni Azərbaycanın deyil, haqsızlığın, ikiüzlülüyün, ədalətsizliyin tərəfindədirsə, deməli həmin dövlət elə birbaşa şeytanın özünə xidmət edir, çünki həmin qaniçən əməllər yalnız şeytana məxsusdur. Maraqlıdır, hardansır bu erməni sevgisi və nəyə görədir?

İran hələ lap ötən əsrin birinci yarısından azərbaycanlılara qarşı olub və bu mövqeyini gizlətməyib də. Məsələ burasındadır ki, həmin dövrdə Güney Azərbaycanda milli-azadlıq zəminində baş tutan 3 inqilab İran üçün deyəsən dərs olmayıb. İyirmi birinci əsrin əvvəllərində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dəfələrlə molla rejiminə qarşı mübarizəyə qalxmasından da görünür ki, İran nəticə çıxara bilməyib. Soydaşlarımıza qarşı zorakılığa və işgəncələrə əl atan İran bununla təhlükənin sovuşduğu qənaətinə gəlibsə, bərk yanılıb. Əsrin əvvəllərində kütləvi etiraz aksiyalarına qarşı cəza tədbiri olaraq, 19 yaşlı azərbaycanlı tələbə qızı nümayişkarənə şəklidə edam edən İran, son günlər müşahidə edilən etraz aksiyalarından da görünür ki, bununla heç nəyə nail ola bilməyib. Təbrizdə, Tehranda, Urmiyada, Xoyda, Parsabadda, Meşkində, Sulduzda və İranın digər şəhərlərində minlərlə insanın qoşulduğu etiraz aksiyalarının dinc iştirakçılarına divan tutulsa da, 50 azərbaycanlı qətlə yetirilsə də, 600-dən çox etirazçı yaralansa da, 4000-dən artıq soydaşımız həbsxanalara atılsa da Güney Azərbaycandakı soydaşlarımızı qorxutmaq mümkün olmayıb və indi İranda müşahidə edilən etirazlar bunu təsdiq edir. Amma deyəsən bundan İran dövləti hələ də bir nəticə çıxarmayıb, halbuki bütün dünya doğru nəticə hasil edib, çünki İranın ermənipərəst mövqeyi, erməni sevgisi göz önündədir.

Əhalisinin təxminən 40%-ni türk kökənli azərbaycanlılar təşkil etdiyi halda, 87 milyon əhalisi olan İran, yalnız həmin ölkədə yaşayan 100 mindən də az sayda olan ermənilərə xüsusi imtiyazlar, xüsusi dəstək verir, hansıki bu dəstəyi erməni terrorçularına, erməni təcavüzkarlarına yalnız şeytanın özü göstərə bilərdi. Erməni təcavüzkarlarına, vəhşilərinə, qaniçənlərinə dəstək göstərən İranın özünü, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycana beləcə düşmən görməsi İslam dövlətinə xas olan hərəkət sayıla bilməz. Əvvəla ona görə ki, bir müsəlman öz müsəlman qardaşının qətlinə, özü də vəhşicəsinə öldürülməsinə razı olmamalıdır. Digər tərəfdən də, öldürmək, yaxud öldürənin yanında olmaq, qatilin, caninin, vəhşinin tərəfində olmaq İslam əxlaqı ilə ziddiyyət təşkil edir. Deməli, İran İslam dövləti adı altında erməni sevgisini gizlətmir və görünür heç bundan sonra da gizlətmək fikri yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə