8 Noyabr - Zəfər Günün mübarək, Azərbaycan! - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür”

Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbəmizin ikinci ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.

8 NOYABR ZƏFƏR GÜNÜ- PREZİDENT-XALQ BİRLİYİNİN TƏNTƏNƏSİ

Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir». Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Ulu Öndər Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 19 il əvvəl «Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam» məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl LİDER ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin «Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır» fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan LİDERDİR.Və 44 günlük müharibədə Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

“QARABAĞ AZƏRBAYCANDIR!” REALLIĞI 44 GÜNDƏ MÜMKÜNSÜZÜ MÜMKÜN ETDİ

Prezident İlham Əliyev 19 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq.

Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. Bu qələbəni Ali Baş Komandanın ətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin «Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında» 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Həmçinin, Vətən Müharibəsindəki böyük qələbəmizi 2020-ci il dekabrın 10-da Qələbə Paradı keçirildi. Qələbə bayrağımızı parada gətirilməklə qailb ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdik. Ölkə rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: «Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası! Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Bu zəfərin formulu isə Müzəffər Ali Baş Komandan-Xalq Birliyi və Azərbaycan əsgəridir. 8 noyabr Zəfər Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır! Zəfərin mübarək, Azərbaycan!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə