“Zəfərimiz Azərbaycan-Türkiyə birliyinin simvoluna çevrilib” AÇIQLAMA

“Zəfərimiz Azərbaycan-Türkiyə birliyinin simvoluna çevrilib” AÇIQLAMA

“Zəfər tariximiz Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin və Müzəffər Ordumuzun qəhrəmanlıq səhifəsidir”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Millət vəkili bildirdi ki, Böyük Qələbəyə şəhidlərimizin qanı-canı bahasına nail olduq: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Zəfər tariximiz Azərbaycan-Türkiyə birliyinin simvoluna çevrilmişdir. Zəfər tariximiz Azərbaycanı dünyaya qalib libasında yeni imic qazandırdı. Müharibənin başa çatmasından keçən iki il ölkəmizin həyatı üçün çox əlamətdar hadisələrlə zəngin oldu. İşğaldan azad olunmuş ərazilərdə geniş infrastruktur layihələri icra olunur, şəhər və kəndlərin baş planları təsdiq olunaraq yenidən tikilir və Ağalıdan Böyük Qayıdışa başladıq. Ölkəmiz regionda sülhün yaranmasına xidmət edən çağırışlar etməsinə baxmayaraq çox təəssüf ki, Azərbaycanın qələbəsini və güclənməsini həzm edə bilməyən dairələr erməniləri yenidən ruhlandırmaqla özlərinin əsil simalarının nümayişini davam etdirirlər. Fransanın prezidenti Makronun Frans-2 kanalına Azərbaycana qarşı qərəzli müsahibə verərək erməni sevgisinin nümayişi, İranın qırmızı xətt məsələsini ortaya ataraq sərhədlərimizdə hərbi təlimlərin keçirilməsi və ölkəmizdə sabitliyi pozmaq üçün agentura şəbəkəsini yerləşdirilməsi cəhdləri mübarizəmizin daha genişləndirməyimizin vacibliyinə çağırışlardır. Prezident İlham Əliyev Vətən müharibəsində olduğu kimi, müharibədən sonrakı dövrdə də dövlətin milli maraqları hər şeydən üstün tutaraq beynəlxalq tribunalardan Azərbaycana qərəzli münasibət nümayiş etdirərək erməniləri ruhlandıranlara çox qətiyyətli cavablar verir”.

Azər Badamov onu da bildirdi ki, Ermənistanla münasibətlərin tənzimlənməsinə dair keçirilən bütün görüşlərdə Cənab Prezidentin dəyişilməz mövqeyi qəti şəkildə ortaya qoyulur: “Bütün məsələlər Azərbaycanın suveren ərazisinin bütövlüyü çərçivəsində razılaşdırılır. Zəfərimizin daha da möhkəmlənməsi üçün informasiya müharibəsində daha geniş və aktiv mübarizə davam etdirilməlidir. Biz hər yerdə düşmənlərimizi qabaqlamalıyıq və onların saxta təbliğatın ayaq açmasına imkan verməməliyik. Zəfərimizin əsasında dayanan milli birliyimizi və həmrəyliyimizi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha da möhkəmlətməliyik. Düşmən unutmasın ki, “Dəmir Yumruq” yerindədir. Sonda qarşıdan gələn Zəfər Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh, inkişaf və rifah arzulayıram”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə