İran rəsmiləri ilə rəsmi İrəvan arasında təmaslar genişlənir - POLİTOLOQ DANIŞDI
"İran regionda birbaşa olaraq ermənipərəst siyasət yürüdür. Bu siyasi xətt nəinki Ermənistanın hazırkı iqtidarı Nikol Paşinyan dövründə davam edir, bundan öncəki Ermənistan rəhbərləri də İranla çox rahatlıqla münasibətlər qururdular. Bunu da nəzərə almaq lazımdır ki, həmin şəxslər Azərbaycana qarşı qətliamların, soyqrımların birbaşa iştirakçılarıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, onların əlləri azərbaycanlıların qanlarına bulaşıb: "Lakin İran tərəfi bu məsələlərə soyuqqanlılıqla yanaşır. Onlarla möhkəm münasibətlər qurmaqda maraqlıdır.
Bu gün də görürük ki, İranın prezidenti çox rahatlıqla Ermənistanın baş nazirini qəbul edib, onunla görüşür. Eyni zamanda, həm də təhlükəli ssenari üzrə planlar icra olunur. Belə ki, İran tərəfi Ermənistana özünün pilotsuz uçuş aparatlarını verməyə hazırlaşır. Bu isə Azərbaycana qarşı açıq-aşkar təhdiddir və regional təhlükəsizliyə böyük təhdid kimi qəbul edilir. İran tərəfi bu cür hərəkətlərdən çəkinməlidir. Çünki Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları var və eyni zamanda separatçı rejimi dəstəkləyərək, ona maliyyə yardımı ayırır. Ermənistan yeni geosiyasi reallıqları qəbul etmir, özü üçün havadarlar axtarır. Buna görə də Ermənistan-İran münasibətləri bölgədəki təhlükəsizlik sisteminə böyük təhlükələr formalaşdırır.
Digər tərəfdən Azərbaycana səfəri planlaşdırılan İran parlamentinin sədri qəflətən İrəvana səfər etmək haqqında qərar qəbul edib. Lakin onun Azərbaycana səfəri qeyri-müəyyən vaxta təxirə salınıb. Bu da bir qərəzli yanaşmadır. Ola bilsin əvvəldən elə bu səfərin İrəvana ediləcəyi gözlənilirdi. Bakıya səfər etməklə bağlı yanlış anons verildi və daha sonra İrəvana səfərlə bağlı məlumat paylaşıldı. Bunun özü də elə qeyri-dost yanaşmadır. Buna görə də düşünürəm ki, bu cür hərəkətlər Azərbaycan münasibətlərinə böyük zərbə vurur.
Biz açıq-aydın şəkildə görürük ki, İran rəsmiləri ilə rəsmi İrəvan arasında təmaslar genişlənir. Bu, hər bir dövlətin öz seçimidir. Münasibətin qurulması beynəlxalq hüquqa söykənməlidir. Lakin İran tərəfi Azərbaycana qarşı məkrli planlar quran bir dövlətlə tərəfdaşlıq haqqında qeyd edir, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edirsə, bu, artıq Azərbaycan tərəfindən ciddi siqnal kimi qəbul olunmalıdır. Buna uyğun olaraq da Azərbaycan öz tədbirlərini həyata keçirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB