Azərbaycan öz ərazilərini güc yolu ilə azad etdi ŞƏRH

Azərbaycan öz ərazilərini güc yolu ilə azad etdi ŞƏRH

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. 27 Sentyabr – 10 Noyabr 2020 tarixlərində baş verən 44 Günlük Müharibə, Cənubi Qafqaz bölgəsindəki regional təhlükəsizlik arxitekturasını kökündən dəyişdi. Ermənistan – Azərbaycan münaqişəsi 30 ilə yaxın davam etdi və beynəlxalq vasitəçilər münaqişənin həlli yolunda heç bir real uğur qazana bilmədilər. Ermənistan Azərbaycana qarşı siyasi və hərbi təxribatlara başlayaraq onilliklər ərzində əldə edilmiş razılaşmalar və prinsipləri rədd etməsi ilə ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesi dalana dirəndi. Paşinyanın rəhbərliyi dövründə daha da artan gərginlik və ədavət Azərbaycanın tarixə 44 günlük müharibə kimi düşən genişmiqyaslı hərbi əks hücum əməliyyatlarına başlaması ilə nəticələndi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni bir dövrün – sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. Lakin 44 günlük müharibənin nəticələri, şübhəsiz ki, Cənubi Qafqazın hüdudlarından kənara çıxır və alınan dərslər beynəlxalq ictimaiyyət üçün də aktualdır. Bu hesabat 44 günlük müharibənin bölgə və onun hüdudlarından kənara təsirlərinə dair vacib müzakirə aparmağı və nəticəyə gəlməyi hədəfləyir. Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı zamanı bir daha bu məsələyə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi: İki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır. İki il əvvəl Azərbaycan, qeyd etdiyi kimi, bu münaqişəyə son qoydu. Biz bunu öz gücümüzlə etdik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq. 44 günlük müharibə Azərbaycanın şanlı tarixidir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Bu Vətən müharibəsi Azərbaycan övladının vətənpərvərliyini, cəsarətini, şücaətini üzə çıxardı. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz, qalib xalq kimi bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq.

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə