ZƏFƏR GÜNÜ - Xalqımızın birliyi, gücü ilə milli qürurumuzun təntənəsi

ZƏFƏR GÜNÜ - Xalqımızın birliyi, gücü ilə milli qürurumuzun təntənəsi

PREZİDENT İLHAM ƏLİYEV: “Biz xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 20-də xalqa müraciətində deyib: “Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”.

BİZİM GÜCÜMÜZ XALQ-İQTİDAR BİRLİYİNDƏDİR

“Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda xalq-iqtidar birliyi. Bax, budur fərq. Budur bizim gücümüz. Bizim gücümüz birliyimizdədir”. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 20-də xalqa müraciətində deyib.Dövlətimizin başçısı deyib: “Son 3-4 il ərzində mən öz çıxışlarımda dəfələrlə demişdim ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində”.Prezident qeyd edib ki, bu gücü topladıq, lazım olan anda düşmənin başını vurub əzdik. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.Bəli, beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əlbəttə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü.

“DƏMİR YUMRUQ” SİYASƏTİ TARİXİ ZƏFƏRİ TEZLƏŞDİRDİ

Bəli, 30 illik torpaq həsrətinə 44 gün ərzində Ali Baş Komandanımız İlham Əliyev cənablarının «Dəmir yumruq» siyasəti ilə rəşadətli əsgər və zabitlərimizin şücaəti tarixi zəfəri tezləşdirdi. Belə ki, noyabrın 8-də Şuşa alındı. Noyabrın 9-da isə 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik düşmən işğalından azad edildi. Düşmənin digər hərbi tör-töküntüləri isə yarımmühasirə vəziyyətinə düşdü.Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 1 dekabra kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz və deməli, qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanatı imzalaması hərb tariximizə ZƏFƏR HƏFTƏSİ kimi həkk olundu. Bəli, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Bu, «Dəmir yumruq» siyasətinin tarixi zəfər gününü tezləşdirdiyi, Qarabağa qovuşduğumuz tarix gün, böyük qələbə günü, şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür. Bu, Prezident İlham Əliyevin 8 noyabrın Zəfər Günü kimi qeyd edilməsi ilə bağlı sərəncamı xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Bu zəfər Azərbaycan xalqının tarixi nailiyyəti, əbədi fəxarətidir. Bu, böyük hərbi zəfərin və müdrik diplomatiyanın nəticəsidir. Azərbaycan öz problemini təkbaşına həll edərək, hərbi gücünü və diplomatik imkanlarını bütün dünyaya göstərdi. Bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının milli qürurumuzun təntənəsinə çevrilən və ikinci ilini qeyd etdiyimiz 8 noyabr Zəfər Günü ilə bağlı sərəncamı bu tarixi günü əbədiləşdirdi. Bu gün milli qürurumuzun təntənəsi olan Zəfər Günü ilə bağlı Azərbaycan xalqı, bütün türk dünyası - Zəfər Günün mübarək! Zəfər günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə