YAP 30 İL - AZƏRBAYACANIN QAZANDIĞI UĞURLARIN BƏLƏDÇİSİ

YAP 30 İL - AZƏRBAYACANIN QAZANDIĞI UĞURLARIN BƏLƏDÇİSİ

YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli tarixinin yeni qürur dolu səhifələri yazılır

Otuz il. Zaman baxımından qısa görünən bu dövr Azərbaycanın tarixinə hansı uğur səhifələrini yazdı? Yaranmasından ötən 30 ildə sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünü təsdiq etməsinin nəticəsidir ki, ötən 30 il ərzində partiyanın ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində bir-birindən parlaq qələbələr əldə etməsi məhz yarandığı gündən indiyədək xalqın partiyası, ona ümumxalq partiyası statusunu qazandırması və nəhayət, nəinki ölkənin, hətta Cənubi Qafqazın aparıcı siyasi təşkilatına çevrilməsidir.

YAP GÜCLÜ LİDER ƏTRAFINDA YARANMIŞ APARICI SİYASİ QÜVVƏDİR

Ümumiyyətlə, müstəqilliyin ilk illərində yaranan xaos və anarxiyanın aradan qaldırılmasında, sabitliyin və inkişafın təmin olunmasında, Azərbaycanın böyük uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının müstəsna rolu olub. Ölkəmiz ağır vəziyyətdə olarkən Azərbaycan xalqının görkəmli nümayəndələri - ziyalılar, tanınmış insanlar böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan Ulu öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidlər ümummilli liderimizə bağlanmışdı. Məlumdur ki, o zaman Ulu öndər Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədiklərinə görə ümummilli liderimiz məcburiyyət qarşısında qalaraq Naxçıvan Muxtar Respublikasına getmişdi. Amma ona qarşı təzyiqlər Naxçıvanda da davam edirdi, həmçinin Heydər Əliyevin tərəfdarlarına qarşı güclü təqiblər aparılırdı. O zaman Azərbaycan Respublikasının Ali Sovetinin Nizamnaməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin respublika Ali Sovetinin sədrinin müavini olmasını təsbit edən maddəni dəyişdirdilər. Bunlara paralel olaraq 1992-ci ildə Azərbaycan Konstitusiyasının 121-ci maddəsinin II bəndinə belə bir maddə əlavə olunmuşdu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməzlər. Bu, bilavasitə ümummilli lider Heydər Əliyevə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Azərbaycanın xilasını və qurtuluşunu məhz Ulu öndər Heydər Əliyevdə görən insanlar - Ümummilli liderimizin tərəfdarları 18 gün müddətində Bakıda Ali Sovetin qarşısında etiraz aksiyaları keçirdilər, mitinqlər təşkil etdilər. Belə olan halda, Azərbaycanın xilasına nail olmaq üçün Heydər Əliyevi müdafiə edənlər fəaliyyəti davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər. 1992-ci ilin may ayında “Əlincə” xeyriyyə cəmiyyəti tərəfindən ümummilli liderimizin rəhbərliyi ilə siyasi partiyanın yaranması təklifi irəli sürüldü. Məhz bu ərəfədə - 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Həmin vaxda o zaman hakimiyyətdə olan qüvvələr Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədilər. Bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Heydər Əliyev partiyanın sədri oldu. Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi.

YAP ÖZ FƏALİYYƏTİNİ ÜMUMMİLLİ LİDERİMİZİN İDEYALARI ƏSASINDA UĞURLA DAVAM ETDİRİR

Heç şübhəsiz, Azərbaycanın tarixi qələbəsində, tərəqqi yolunda inamla irəliləməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-ın xalq arasındakı nüfuzunu getdikcə artırdı.Və onu da vurğulamaq lazımdır ki, əgər bu partiya qurulmasaydı və ulu öndər Heydər Əliyev ona rəhbərlik etməsəydi, bugünkü nailiyyətləri əldə etmək və ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırkı inkişaf səviyyəsinə çatması mümkün olmazdı.

YAP-IN SƏDRİ CƏNAB İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ ÖLKƏMİZİN ŞƏRƏFLİ TARİXİNİN YENİ QÜRUR DOLU SƏHİFƏLƏRİ YAZILIR

Bu gün ümummilli liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli tarixinin yeni qürur dolu səhifələri yazılır. Bu, hər şeydən əvvəl, YAP-ın öz gücünü xalqın dəstəyindən aldığını göstərir və partiyanın fəaliyyətinin Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir.Çünki Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. Partiyanın yeni proqramı beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir.

YENİ AZƏRBAYCAN PARTİYASININ VII QURULTAYININ KEÇİRİLMƏSİNİN ƏSAS SƏBƏBİ ÖLKƏDƏ VƏ REGİONDA YARANMIŞ YENİ REALLIQLARDIR

30 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də VII qurultayının keçirilməsi də böyük tarixi hadisə idi. Çünki bu qurultay birliyimizin, həmrəyliyimizin nümayişi olmaqla, həm də bu 30 illər ərzində Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə doğru getdiyinin bir daha əyani şəkildə sübutu idi. Dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyevin söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, qurultaydan keçən bir il ərzində YAP bir sıra ölkələrin siyasi partiyaları ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıb. Xüsusilə, Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürdü. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.

YAP GÜCLÜ, MONOLİT VƏ QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASIDIR

Bəli, Yeni Azərbaycan Partiyası 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev martın 5-də partiyanın keçirilən VII qurultayında çıxışı zamanı Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunduğunu deyib: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir».

Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu, son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Beləliklə, zamanın tələbi ilə yaranan və ümumxalq partiyasına çevrilən YAP hakimiyyətin siyasi istinadgahı kimi bundan sonra da fəaliyyətini uğurla həyata keçirəcək. Hər zaman olduğu kimi, Ulu Öndər Heydər Əliyevin ideyalarının və Prezident İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsində layiqincə iştirak edəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə