Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri baş tutdu. Səfər, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşləri ilə də əlamətdar idi. Daha əvvəl də Rusiya Federasiyasında və Avropa məkanında dəfələrlə görüşən Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin bu görüşü yəqin etmək olar ki, sülhə doğru atılan daha bir addım kimi tarixə düşdü. Səfər çərçivəsində ölkə rəhbərləri ilk olaraq Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirdi.
Görüşlərin nəticələri və ya hansı situasiyada keçirilməsinə nəzər yetirmədən öncə liderlərin Vladimir Putin tərəfindən qarşılanma mərasimində baş verənlərə diqqət çəkmək yerinə düşərdi. Xüsusilə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan bu anlar həqiqətən də iki ölkə və ya lider arasındakı fərqi aşkar şəkildə nümayiş etdirdi. Belə ki, yağmurlu havada Rusiya Prezidenti Ermənistanın baş nazirini qarşılayarkən baş nazirin çətirinin olmaması və onun Rusiyanın “çətirinin” altında yer alaraq şəkil çəkdirməsi müxtəlif dairələr tərəfindən fərqli şəkillərdə qəbul olundu. Bunun siyasi mesaj olduğu və N.Paşinyanın Rusiyanın fospostu olduğunu qəbul edərək, onun “təhlükəsizlik çətiri” altında gizləndiyi və tarixən olduğu kimi bu gün də öz yolunda azad siyasət yeritməkdən aciz olduğu vurğulandı. Əslində, bu fikirlər cəmiyyətimizə heç də yad deyil. Hər birimiz bu reallığı bilirik ki, Ermənistan tarix boyu heç vaxt azad siyasət yeridən, öz qərarlarını qəbul edib tətbiq edən bir dövlət olmayıb və mövcud vəziyyət göstərir ki, gələcəkdə də fərqli nəsə görməyə ümid etməyə dəyməz. Əgər Ermənistan siyasi cəhətdən azad ölkə olsaydı yəqin ki, öz vətədaşlarının rifahını və gələcək güzəranını hərşeydən üstün tutar və atdığı addımlarda əsas olaraq məhz bu prinsiplərə üstünlük verərdi. Real vəziyyət isə odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz xalqını, gənclərini və genefondunu düşünməyi çoxdan bir kənara qoyub və sülh prosesini ləngitməyə, “Zəngəzur dəhlizi”nə mane olmağa çalışaraq ən böyük səhvi edir. Bütün bunların fonunda Azərbaycan Prezidentinin milli maraqlara söykənən qətiyyətli siyasəti uğurla davam etdirilir. Soçiyə öz “çətir”i ilə yola düşən Prezident İlham Əliyev ölkəsinin milli maraqlarının müdafiəsi üçün öz yolunda inamla irəliləyir. Heç bir şübhə yoxdur ki, sonda İlham Əliyev cənablarının liderliyi ilə haqq-ədalət öz yerini tutacaq və Azərbaycan cəbhədə əldə etdiyi böyük zəfəri sülh müqaviləsi ilə nəhayətə çatdıracaq.
Dövlət başçımızın Vladimir Putinlə təkbətək görüşünə nəzər salsaq burada da diqqət çəkən bir məqamın olduğunu müşahidə edə bilərik. Belə ki, Prezident İlham Əliyev nitqi zamanı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını və bununla bağlı müzakirə olunacaq bir məsələnin olmadığını vurğuladı. Bu günə qədər istər daxili, istərsə də xarici auditoriyalar qarşısında dəfələrlə qeyd edilən bu nüans Soçidə bir daha təkrar edildi. Görüşdən cəmi bir gün öncə məqsədli şəkildə Qarabağda yaşayan ermənilərin mitinqə çıxarılması və bunun görüş öncəsi siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdlərinə cavab kimi qiymətləndirilən bu sözlər əminik ki, lazımi ünvanlara çatdırıldı.
Xankəndidə keçirilən sözügedən mitinq Azərbaycan Prezidentinin Praqa səfərində yerli media nümayəndələrinə müsahibəsində dediyi bir fikri də yenidən yada saldı. Sitat: “Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”. Bəli, bu gün Qarabağda mitinq edənlər lazım olanda səngərdə dayanmaqdan aciz olan o kəslərdir. İndi kimlərəsə güvənib meydana çıxan bu şəxslərə Azərbaycan Prezidentinin çox aydın mesajı var. Onlar Azərbaycan qanunları ilə yaşamaq istəmirlərsə, özlərinə başqa yer seçə bilərlər. Bundan siyasi məqsədlər üçün istifadəyə cəhd edənlər də həmçinin.
Qeyd edək ki, görüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə Bəyanat imzaladılar. Bəyanatla bağlı söylənəcək yeni fikirlər elə də çox deyil. Bu bəyanatda da sülhün və münasibətlərin normallaşmasının vacibliyi vurğulandı. Eyni zamanda, bəyanatda Qarabağın statusu kimi xəyalpərəst iddialar özünə yer tapmadı. Sözsüz ki, bu da Rusiyanın Azərbaycanın apardığı siyasətə dəstəyinin ifadəsi idi. Beləliklə, Azərbaycan öz məqsədinə doğru addım-addım irəliləyir və regionda dayanıqlı sülhün təmin edilməsinə çalışır. Şübhə yoxdur ki, ölkəmiz 2020-ci ildə 27 il kağız üzərində qalan BMT TŞ-nin 4 Qətnaməsinin icrasına tək başına nail olduğu kimi bu günlərdə də sülhün əldə olunmasına nail olacaq. Gec-tez Cənubi Qafqaz sülhün, əməkdaşlığın və rifahın məkanına çevriləcək.
Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB