Azərbaycan sülhün və təhlükəsizliyin tərəfdarıdır

Azərbaycan sülhün və təhlükəsizliyin tərəfdarıdır

Azərbaycanı bir dövlət kimi siyasi, iqtisadi, hərbi, sosial kimi əsas istiqamətlər olmaqla güclü edən polad iradəli Lider xalqımızı da ideoloji baxımdan qətiyyətli, şüurlu, tarixini, tarixi həqiqətləri bilən xalq kimi bir yumruq ətrafında birləşdirməyə, daha da əzmkar etməyə nail oldu. Məhz bu amil düşməni lərzəyə gətirdi, sonunda imdad diləyərək kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Heç şübhəsiz ki, böyüklüyündən və potensialından asılı olmayaraq, beynəlxalq münasibətlər sistemində hər bir dövlətin öz maraqları, geniş məqsədləri mövcuddur. Təəssüf ki, dünyanın mövcud nizamsız siyasi mənzərəsində dövlətlərin bir çoxu bu məqsədləri yanlış alətlər toplusu ilə həyata keçirir. Uğurlu xarici siyasət öz məqsədlərinə çatmaq üçün iqtisadi, diplomatik və hərbi alətlər balansından istifadə etməlidirsə, indiki siyasət hərbi gücə həddən artıq arxalanır ki, bunun da nəticələri fəlakətli olur. Bahalı hərbi kampaniyalar və məsuliyyətsiz fiskal siyasətlər iqtisadiyyatların da uzunmüddətli gücünü təhdid edir, törədilən insan haqları pozuntuları isə beynəlxalq hüququ ayaqlar altına atır.

Azərbaycan isə bütün bu mənfi tendensiyalardan kənar beynəlxalq hüquqa əsaslanan, toqquşan maraqları balanslaşdıraraq, sadəcə, ölkəmizdə deyil, bütövlükdə Cənubi Qafqaz regionunda stabilliyin və təhlükəsizliyinin qorunub saxlanılmasına xidmət edən fəal xarici siyasət kursu həyata keçirir, zəruri hallarda hərbi güc tətbiq edir ki, təcavüzün qarşısını alsın, sülhə məcbur etsin. Dünyanın real siyasi mənzərəsi onu da sübut edir ki, dövlətin siyasi, iqtisadi, hərbi baxımından güclü olması, gücləndirilməsi kifayət deyil, dövləti idarə edə bilmək qabiliyyəti, kəsişən maraqlar arasında balans yaratmaq məharəti lazımdır ki, bu da hər liderdə rast gəlinmir. Yəni, liderlər faktiki olaraq bütün mütəşəkkil siyasi həyatın bir hissəsi kimi qəbul olunurlar. Yenə eyni əminlik və qürurla deyə bilirik ki, Azərbaycan Lideri İlham Əliyevin dərin biliyi, incə diplomatiyası, şəxsi nüfuzu sayəsində istənilən mürəkkəb sınaqdan uğurla çıxırıq. Bütün platformalarda Azərbaycanın milli maraqlarının təmin edilməsi və bu maraqlara müvafiq olaraq müsbət nəticələrin əldə olunması Prezident İlham Əliyevin mövcud fəal xarici siyasət kursunun təməlində dayanır. Cənubi Qafqaza sülh gətirilməsi kimi böyük bir missiyanı, layiqli məqsədi üzərinə götürən Azərbaycan bu istiqamətdə çıxdığı yola sadiqdir. Bu amalın düyün nöqtəsi Ermənistan-Azərbaycanın arasındakı mövcud durumdur ki, dövlətimiz də bu məsələni hərbi-siyasi mərhələdən çıxarıb, siyasi mərhələyə irəlilətmək istiqamətində uğurlu keçidlər edir. Bu keçid prosesində son nəticəyə mane olmaq istəyən, uzun müddətdir ki, Cənubi Qafqazı yeni bir döyüş meydanına çevirməyi hədəfləyən qüvvələr mövcuddur ki, Ermənistan əgər bu mənfur əməllərə şərait yaratmaqla bütün Cənubi Qafqazda sabitliyi pozmaq planlarının tərkib hissəsi olmağa çalışırsa, Azərbaycan isə həmin koalisiyanın qarşısında sipər kimi dayanır. Üstəlik, sülh prosesinə mane olan dövlətlər içində sadəcə regiondan kənar deyil, eyni zamanda, regional aktor da mövcuddur.

Prezident İlham Əliyevin müsbət nəticəyə hədəflənən xarici siyasət kursu həm Qərb, həm də Şərqi Asiya istiqamətində ölkəmizi böyük əhəmiyyətə malik olan əsaslı siyasi dividendlərlə təmin edir. Prezident İlham Əliyev türk dünyasında da birliyin, həmrəyliyin gücləndirilməsi məsələsində təşəbbüskar, aparıcı lider kimi çıxış edir. Azərbaycan Lideri türk dünyası arasında zəiflədilən və zəifləyən həlqələri bərkidir, nizamsız münasibətləri isə sistemləşdirərək nizama, çərçivəyə salır. Bu baxımdan da Mərkəzi Asiya dövlətləri ilə təkcə ikitərəfli deyil, həm də çoxtərəfli kontekstdə əməkdaşlığın dərinləşdirilməsi məhz bu ali amallara xidmət edir.Prezident İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallığa dair mövqeyində qətiyyətli olduğu aydın göründüyü üçün, regional və qlobal aktorların önündə bu reallıqla barışmaqdan və hesablaşmaqdan başqa variantın buraxılmadığı üçün dövlətlərin özü Bakı ilə əməkdaşlıqda təşəbbüs göstərir, maraqlı tərəf kimi çıxış edirlər.Azərbaycan Liderinin mövqeyinin qəti, baxışının isə kifayət qədər aydın olduğunu vurğulayan politoloq qeyd edib ki, regionda sülhə alternativ mövcud deyil. Ermənistan artıq digər dairələrin maraqlarının təmin edilməsi missiyasını yerinə yetirmək meyilindən və dəst-xəttindən deyil, siyasi iradə ortaya qoyaraq, ilk növbədə, özünü, cəmiyyətini düşünüb sonra qərar vermək prizmasından çıxış etməli və sağlam qərarlar almalıdır. Ermənistan əmin olmalıdır ki, destruktiv mövqedən çıxış etsə uçqunların altında qalan ilk dövlət elə özü olacaq.

Cavid Mustafayev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə