"Müharibənin gələn ilin əvvəlinə qədər davam etməsi gözlənilir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Rusiya ilə Ukrayna arasında gedən müharibənin dayanma ehtimalı çox azdır. Çünki tərəflər arasında hələ də anlaşmazlıqlar var". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın dörd bölgəsini işğal edib saxta referendumla özünə birləşdirib: "Ukrayna bununla heç vaxt razılaşmayacaq. Ona görə də müharibənin bitməsi ehtimalı getdikcə azalır. Rusiya bu torpaqlardan imtina etmək istəmir. Artıq 1 ilə yaxındır ki, müharibə davam edir. Beynəlxalq təşkilatlar, dövlətlər də bu müharibəni dayandıra bilmədiklərini anlayıblar. Müharibənin əvvəlində böyük dövlətlər bunu dayandırmaq üçün böyük fədakarlıqlar göstərmişdilər, vasitəçilik etməyə çalışıblar. Amma indi onlar bunu etmirlər. Ukraynaya göstərilən hərbi yardımın miqyası artır. Hətta taxıl anlaşması da şübhə altındadır. Çünki Rusiya bu anlaşmadan imtina etməyə çalışır. Ukrayna ordusu uğurlu əkshəmlələr həyata keçirir və Xersonu azad etməyə çalışır. Xerson azad olunsa Rusiyanın Krımla quru yolu kəsiləcək və bu Rusiya hakimiyyətinə ciddi ziyan vuracaq. Düşünürəm ki, bu ilin sonuna qədər mühəribə davam edəcək. Hətta deyə bilərəm ki, müharibənin gələn ilin əvvəlinə qədər də davam etməsi gözlənilir.
Bu müharibə Rusiyaya ciddi ziyan vurur və vurmağa da davam edir. Rusiya iqtisadiyyatında ciddi problemlər yaranmağa başlayıb. Rusiya qazını ixrac edə bilmir. Avropa Rusiya qazından imtina edib. Rusiyanın milyardlarla dollar itkisi var. Rusiya-Ukrayna müharibəsi Rusiyaya həm siyasi, həm də iqtisadi cəhətdən böyük zərbələr endirib. Əlbəttəki bu müharibə Ukraynaya da ziyan vurur. Amma daha çox Rusiyaya təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB