YAP Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verir FOTOLAR

YAP Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verir FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı H.Cavid pr.33 (AMEA Fizika İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, AMEA Fizika İnstitutunun direktoru Arif Həşimov, H.Cavid pr.33 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Şəhla Qəmbərova və partiya üzvləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan AMEA Fizika İnstitutunun direktoru Arif Həşimov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsi Ulu Öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətinin nəticəsi kimi dəyərləndirilir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə təsis edilən Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olub. Partiya 30 ilə yaxındır ki, qarşısına qoyduğu məqsədlərə (dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması və s.) nail olunmasında böyük nailiyyətlər əldə edib. Hazırda 800 min nəfərə yaxın üzvü olan partiya Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir. Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.

B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə partiyaya üzv olan bütün əməkdaşları təbrik edib. Çıxış edən ərazi üzrə partiya üzvü olan Şövqiyyə Əmirova bildirib ki, bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident Cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası Qafqazda ən güclü siyasi partiya olmaqla, Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir. Ölkəmizin regionda və beynəlxalq aləmdə artan nüfuzu, respublikamızın dinamik inkişafı, əhalimizin rifahı, ən əsası isə siyasi-iqtisadi sabitlik məsələlərində partiyamız aparıcı mövqeyə malikdir. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə, bir qrup partiya fəalı Fəxri Fərmanla təltif edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə