Yasamal rayonunda şahmat turniri keçirilib FOTOLAR

Yasamal rayonunda şahmat turniri keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi ilə əlaqədar Yasamal rayonunda oğlan və qızlardan ibarət qrup mərhələlərindən biri üzrə şahmat turniri baş tutub. Qeyd edək ki, Yasamal rayonu Heydər Əliyev Mərkəzində baş tutan turnirin açılış mərasimində Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavinləri - Təravət Muradova, Xaliq Möhbalıyev, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, YAP Yasamal rayon təşkilatının və Yasamal rayon Heydər Əliyev Mərkəzinin məsul əməkdaşları, turnir iştirakçıları iştirak ediblər. Turnirə start verilməmişdən öncə, tədbir iştirakçıları tərəfindən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub. Büstün önünə gül dəstələri düzülərək, əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra tədbir iştirakçıları tərəfindən mərkəzdə yaradılmış Heydər Əliyev muzeyi ziyarət olunub. Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutmuş turnirdə Yeni Azərbaycan Partiyasının qurucusu olan Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İştirakçılarını salamlayaraq turniri açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər əldə edən Yeni Azərbaycan Partiyasının sıralarında özündə yüksək intellektual potensialı birləşdirən gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Partiyanın təsis edilməsinin 30 illiyinə həsr olunmuş idman turnirləri də heç şübhəsiz, bu qəbildəndir. B.Nəbiyev çıxışının sonunda turnir iştirakçılarına uğurlar arzulayıb.Çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının birinici müavini Hüseyn Əfəndiyev və Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə keçirilən idman turnirlərinin mahiyyətindən bəhs edərək, iştirakçılara müvəffəqiyyətlər arzu edib.Qeyd edək ki, turnirdə Yeni Azərbaycan Partiyasının Yasamal, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Qaradağ rayon təşkilatları və YAP Gənclər Birliyi, "Səs" qəzeti redaksiyasının şahmatçıları iştirak ediblər. Yasamal rayonu Heydər Əliyev Mərkəzində keçirilən turnirin qalibi olan oğlanlardan ibarət YAP Yasamal rayon təşkilatının və qızlardan ibarət YAP Nəsimi rayon təşkilatının iştirakçıları noyabrın 7-də Ucar rayonunda keçiriləcək "play-off" mərhələsinə vəsiqə qazanıblar.

Şahmatçılarımıza növbəti mərhələdə uğurlar arzu edirik.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə