""Dağlıq Qarabağ"ın statusu məsələsi bütün tərəflər üçün məqbul ədalətli həll üçün şərait yaradılandan sonra gələcək nəsillərin öhdəsinə buraxılmalıdır". SİA erməni mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin jurnalistlərə müsahibəsində Rusiyanın mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib.
Səfir qeyd edib ki, Rusiya rəhbərliyi bunu dəfələrlə bəyan edib: “Bütün nizamlanma kompleksi Ermənistan və Azərbaycan arasında razılaşmaların məhsulu olmalıdır”.
Sülh müqaviləsi və onun müddəalarına gəlincə, səfir hesab edir ki, Soçi görüşün nəticələrinə əsasən, hələlik razılaşdırılmamış məsələlər var: "Bununla belə, onların üzərində iş davam etdiriləcək".
Xatırladaq ki, Ermənistan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağın statusu məsələsinə Ermənistan və Azərbaycan arasında bağlanmış sülh müqaviləsindən ayrıca baxılmalıdır. Deməli, sülh müqaviləsində Dağlıq Qarabağın statusu məsələsinə istinad olmaya bilər. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır.
Qeyd edək ki, bundan əvvəlki çıxışlarında olduğu kimi, Rusiya Prezidenti Vladimir Putinlə Soçi görüşü çərçivəsində keçirdiyi görüşdə də Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın statusu məsələsinin müzakirə mövzusu olmadığını, məsələnin artıq keçmişdə qaldığını, yəni bundan sonra bir daha heç kimsə ilə müzakirə olunmayacaını qəti olaraq bildirdi. Bundan sonra Soçi görüşünün təşkilatçı ölkəsi olan Rusiyanın Ermənistandakı səfirinin "status gələcək nəsillərin öhdəsinə buraxılmalıdır" deməsi başadüşülən deyil. Səfirin bu addımı təxribatçılıqdır və buna aydınlıq gətirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB