“Ermənistanda iqtidar partiyasının Qarabağ probleminin həlli ilə bağlı məsələyə münasibətdə qəbul etdiyi yeni konsepsiya forma və məzmun baxımından əvvəlki konsepsiya ilə müqayisədə fərqli təsir bağışlayır. Mahiyyət etibarı ilə isə bu konsepsiyanın özü belə Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, bu hal beynəlxalq hüququn norma və prinsipləri baxımından yolverilməzdir: “Qarabağ erməniləri milli mənsubiyyətlərinə görə respublikanın digər azsaylı xalqları ilə müqayisədə hər hansı əlahiddə status daşıya bilməzlər. Hüquqi və demokratik dövlət olaraq Azərbaycan Respublikası ermənilərin də bütün hüquq və azadlıqlarının qarantıdır. Lakin dövlət-vətəndaş münasibətlərində dövlət qarşısında olan öhdəliklər digər azsaylı xalqların vətəndaşlarına şamil edildiyi kimi, erməni əsilli vətəndaşlara da aid olmalıdır. Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı ilə bağlı məsələləri hər hansı 3-cü tərəfin iştirakı ilə gündəmdə saxlamaq doğru deyil. Bunu danışıqların müzakirə predmetinə çevirmək dövlətimizi daim regional və beynəlxalq güclərin pressinqi altında saxlamağa xidmət edəcək. Buna da Azərbaycan hakimiyyəti və xalqı heç cür razılıq verə bilməz”.
E.Manafov onu da bildirdi ki, Azərbaycan 32 illik müstəqilliyi dövründə digər dövlətlərlə münasibətlərində etibarlı tərəfdaş olmaqla yanaşı, öz üzərinə götürdüyü öhdəliklərə dürüstlüklə əməl edib: “Azərbaycan multikulturalizm dövlət siyasətinin həmişə ana xəttini təşkil edib. Bu mənada ermənilərin təhlükəsizliyi ilə bağlı məsələləri qabardaraq stəkanda fırtına yaratmaq istəyi, Qarabağ kartını Azərbaycan dövlətçiliyinin “əyninə biçmək” istəyi erməni millətçilərinin və onların siyasətinə havadarlıq edən bəlli dairələrin çoxdankı arzularıdır. Azərbaycan dövləti və onun başçısının mövqeyi qəti və birmənalıdır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Burada dövlətin suverenliyi və ərazi bütövlüyü təmin olunmalıdır. Qarabağ erməniləri, onların problemlərinin həlli Azərbaycanın yurisdiksiyasına aiddir. Azərbaycan BMT TŞ-nın münaqişə ilə bağlı 4 məlum qətnaməsinin icrasına təkbaşına nail olduğu kimi, Qarabağ ermənilərinin də təhlükəsizliyi ilə bağlı problemləri təkbaşına həll etməyə qadirdir. Ermənistan bütün qonşularla normal münasibətlər istəyirsə, ərazi iddialarından əl çəkməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB