Anormal ANTİ-AZƏRBAYCAN QƏTNAMƏSİ - TƏHLİL

Anormal ANTİ-AZƏRBAYCAN QƏTNAMƏSİ - TƏHLİL

Fransa Senatı anti-Azərbaycan mövqeyi ilə yenə də digərlərindən fərqlənib, amma bu dəfə daha böyük ikrah doğurub, çünki ortada olan həqiqətləri ardıcıl olaraq ikiüzlülüklə təhrif etməsi əndazəni aşıb. Belə qənaətə gəlinir ki, Fransa Senatında ya dəlilik hökm sürür, ya da ikiüzlülük, amma ikiüzlülüyün fonunda da bir dəlilik görünür, çünki simasızlığı da həddi görünməmiş dərəcədə təzahür edib.

İndi bütün dünyanın Fransa senatına gülməyə, istehza etməyə belə haqqı çatır, çünki çıxardığı qətnamə olduqca anormaldır. Eyni ilə məşhir Roma əfsanələrindən birində İmperator Kaliqulanın öz atından bəhs edildiyi neçə gülüş doğurmuşdusa, indi Fransa Senatının da qətnaməsi eləcə istehzaya layiqdir və bu əfsanə həmin o imperatorun dəliliyinin ölçüsünü göstərdiyi kimi, Fransa Senatının qəbul etdiyi qətnamə də senatın bir növ dəlilik ölçüsünü ortaya qoymuş oldu. Nə qədər üzsüz, ikiüzlü olmaq lazım gəlir ki, həqiqətlər bu qədər təhrif edilsin. Yaxud, nə qədər dəli olmaq lazımdır ki, Ermənistanın etdiklərinə məhəl qoymadan, Azərbaycan tərəfi etmədiklərinə görə günahkar görülsün. Buna ikiüzlülükdən başqa həm də dəlilik demək yerinə düşür, amma hər bir halda Fransa Senatının sonuncu mövqeyi, qətnaməsi anormallıq əlamati kimi qeydə alındı. Özü də Praqada görüşundə bu ölkənin prezidenti Emmanuel Makronun Bəyanat imzalanan zaman ağzına su alıb sakit durmasının ardınca ölkəsinin senatının anormal bəyanatla çıxış etməsinə həqiqətən də dəlılikdən, anormallıqdan başqa ad vermək olmur.

Məhz Praqada Bəyanat imzalandıqdan sonra, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra, bu ilin sonuna qədəq sülh sazişinin imzalanacağı barədə razılığa gəldikdən sonra Fransanın yuyulmamış qaşıq kimi ortaya atılması olduqca iyrənc görünür və yaxşı heç nəyə xidmət etmir. Əvvəl, hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinə hazırlaşması münaqişənin tamamilə bitməsi demək olduğu halda, Fransa Senatı bu qətnaməsi ilə nəyə nail olmaq istəyir, münaqişəni daha da qızışdıqmağamı? Məsələlərin həll olunduğu zaman bu yuyulmamış qaşıq aranı qarışdırmaqla nəyə nail olmaq niyyətindədir? Bəyəm Fransa Senatının belə bir movqe sərgiləməsi, aranı qarışdırmaq, qızışdırmaq siyasəti Ermənistan üçün xeyirlidir? Əlbəttə ki, yox. Əksinə, bu dövlətin daha da süqutunu gətirən məqamdır. Elə isə Fransa Senatının bu qətnaməsinı nə ad qoyaq? Nəzərə alsaq ki, Fransa senatı ancaq həmin ölkədə təsir gücünə sahib erməni icmasının bu qətnamə ilə könlünü oxşamaq, öz yerlərini “şirin” etmək niyyəti güdüb, deməli, bunun qətnamə yox, ermənilər üçün “qənd-namə” olduğu üzə çıxır.

Qətnamədə Azərbaycanın hansısa cinayətləri, qanunsuzluqları, beynəlxalq hüquq normalarında qəbul olunmayan hərəkətləri, əməlləri etmədiyinə görə qınanılması və bunları etmədiyinə görə cəzalandırılması tələb olunur. Ən böyük anormallıq da budur. Sənədin ən iyrənc hissəsi isə Qarabağın erməni əhalisinə qarşı Azərbaycanın guya “kütləvi cinayətlər” törətməsi iddiasıdır, hansıki guya beynəlxalq məhkəmədə bu araşdırılmalı məsələ imiş. Araşdırsalar nə tapacaqlar? Azərbaycan Xocalı faciəsini törədib, yoxsa erməniləri öz yaşadıqları ərazilərdə qırmaqla, yurd-yuvalarından didərgin salıb? Bəlkə, azərbaycanlılar ermənilərin ərazilərini yararsız hala salıb, mədəniyyət abidələrini dağıdıb, yaxud müqəddəs dini ibadət məkanı sayılan məscidlərini dönuz tövləsi etməklə təhqir edib? Yoxsa, fransızlar azərbaycanlıların, Gəncə, Bərdə, Tərtər hadisələri kimi hansısa müharibə cinayətlərinin, təxribatlarının, terrorunun şahidi olublar? Amma reallıq budur ki, fransızlar elə öz ölkələrində də erməni terrorunun şahidi olublar, nədənsə Azərbaycana qarşı bəd niyyətdədirlər.

Fransa Senatının qətnaməsində daha bir gülünc məqam və dəlilik nümunəsi ondan ibarətdir ki, qətnamə layihəsinin müəllifləri Azərbaycandan gedən erməni əhalisinin respublikaya qayıtmasını təmin etmək tələbi çıxış etmək arzusundadırlar. Bu da azmış kimi, rəsmi Bakıya erməni dini-mədəni irsinin qorunub saxlanması, qayğısına qalmaq öhdəliyinin qoyulması təklif edilir. O da təklif olunur ki, qətnamədə bütün bu “məsələlər” yerinə yetirilmədiyi təqdirdə, Azərbaycanın neft və qaz idxalına bütövlükdə Avropa ictimaiyyəti embarqo şəklində sanksiyalar tətbiq etsin. Söhbət ondan getmir ki, Fransa Senatının bu təklifi nəyə isə səbəb olacaq və ya dəlalət edəcək. Bu heç müzakirə mövzusu da deyil. Söhbət ondan gedir ki, Fransa və Avropa qanunlarına görə, heç bir təsir gücü və mənası olmayan bu cür kağızların yazılması özü anormallıqdır.

Ötən əsrin sonlarında, daha dəqiq desək, XX əsrin 90-cı illərində Azərbaycanın 7 rayonunda etnik təmizləmə aparan da azərbaycanlılar idi, yoxsa Ermənistanın bu əməlləri törətməsindən Fransanın xəbəri yox idi? İstər xəbəri olmasın, istərsə də xəbəri olub qətnaməni indi Azərbaycana qarşı qəbul etməsi də normal hal deyil. Ələlxüsus BMT kimi mötəbət bir beynəlxalq təşkilatın həm illərdə, 1993-1994-cü illərdə Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa, qoşunlarını və terrorçularını, separatçılarını çıxarmağa çağıran dörd qətnamə qəbul etdiyi halda Fransa Senatının müşahidəçi mövqedə durması, indi həmin torpaqlar öz sahiblərinə qayıtdığı zaman səs-küy salması həddindən artıq eybəcər görünür. Bir halda ki? BMT-nin məlum dörd Qətnaməsini görə bilmirdisə, indi hansı beynəlxalq hüquqa söykənir Fransa Senatı? Yaxud, BMT Qətnaməsini 30 ilə yaxın icra etməkdən imtina edən Ermənistan üçün Fransa Senatının qətnaməsi nəyə yaraya bilər və bu nə dərəcədə yerinə düşə, normal sayıla bilər axı?

Yaşlı, cavan, uşaq, körpə və hamilə olmaqla heç kimə aman verilmədən vəhşiliklərə imza atan Ermənistanın silahlı qüvvələri, separatçıları, erməni terrorçuları idi, azərbaycanlılar yox və o zaman belə bəşəri cinayətlər törədiləndə harda idi indi Azərbaycan əleyhinə qətnamə qəbul edən Fransa Senatı? Zənn edək ki, ötən əsrdə Fransa Senatı yatmışdı, bəs 44 günlük müharibə bitdikdən sonra aşkar edilən kütləvi məzarlıqları da görməmək üçün özünü yuxuluğa vurur? Bəs bu yarı yuxulu Fransa Senatı nə əcəb Praqa görüşündən dərhal sonra “ayılmaq” fikrinə düşüb? Tutaq ki, ötən əsrin əvvəllərində ermənilərin Azərbaycan ərazisində yaşayan müsəlman əhaliyə qarşı etdikləri vəhşiliklərdən Fransa Senatı xəbərsiz idi, bəs Xocalı faciəsi kimi tarixə yazılan insanlıq dramında süngü ilə qarşı deşilən hamilə qadınların, gözləri çıxarılan körpələrin şəkilləri də gedib Fransa Senatına çıxmayıb? Bəlkə, cəsədlər üzərində təhqiramiz hərəkətlər etmələri barədə də foto faktları danmaq niyyətindədirlər? Fransa Senatının belə yanaşmasına normal adı vermək mümkündürmü? Mümkün deyil.

İndi Fransa Senatının embarqo barədə təklifi də anormal səslənir, çünki Azərbaycan neftinə və qazına başda Fransanın özü olmaqla bütün Avropanın ehtiyacı var, ölkəmizin yox. Ona görə ki, biri də Fransa olmaqla, məhz Avropa ölkələrində enerji böhranı barədə həyəcan təbili çalınır, özü də hər an. Belə olan halda, kim kimə hədə kəsir? İndi Azərbaycanın təbii sərvətlərinə bütün Avropa ehtiyac duyur. Özü də Rusiya ilə qarşıdurmalar, sanksiyalar fonunda bu ehtiyac amili daha kəskin şəkildə biruzə verir. Ona görə ki, aldığı sanksiyaların cavabı olaraq Rusya da Avropaya enerji resurslarının ixracını dayandırıb və deməli, başda Fransanın özü olmaqla, Avropanın yeganə ümid yeri məhz Azərbaycandır. Deməli, Fransa Senatının embarqo təklifi də normal deyil.

Ümumiyyətlə, bu qətnamə deyilən sənəd Fransa Senatının sayıqlamasında başqa bir şey kimi qiymətləndirilə bilməz, çünki absurd yanaşmadır. Belə bir yanaşma isə Fransa kimi bir Avropa ölkəsi parlamentinin yuxarı palatasına yaraşmazdı ki, bunu özləri yaraşdırdılar. Elə anormallığın bir təzahürü də budur. Məsələ burasındadır ki, Fransa da, onun senatı da özünə nə yaraşdırsa belə, qətnaməsini bizə nə yaraşdıra, nə də uyğunlaşdıra bildi, əksinə, ermənipərəstliyi fonunda bir daha bütün dünyanı əmin etdi ki, Azərbaycan öz mübarizəsində haqlıdır və Fransa Senatının anormal anti-Azərbaycan qətnaməsi ikiüzlülüyün, ədalətsizliyin təzahürüdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə